DÜNYA
KİV: Camal Kaşıkçının öldürülməsi əmrini Səudiyyə kəşfiyyatının rezidenti verib
Bakı, 23 oktyabr, AZƏRTAC
Səudiyyə Ərəbistanının Türkiyədəki kəşfiyyatının rezidenti, krallığın İstanbuldakı Baş konsulluğunun attaşesi Əhməd Abdullah Əlmuzaini jurnalist Camal Kaşıkçının öldürülməsi barədə əmri ümumi kəşfiyyat xidmətinin rəis müavini və vəliəhd şahzadənin köməkçisi Əhməd Əsiridən alıb.
AZƏRTAC “Sabah” qəzetinə istinadla xəbər verir ki, Əlmuzaini sentyabrın 28-də Kaşıkçının nikaha girmək üçün lazımi sənədləri almaq məqsədilə ilk dəfə konsulluğa gəldiyi gün orada olub. Ertəsi gün Əlmuzaini Ər-Riyada yollanıb və Əsiri ilə görüşərək sonradan jurnalisti qətlə yetirmək üçün İstanbula 15 nəfərlik komanda göndərmək barədə təlimat alıb.
Oktyabrın 1-də Səudiyyə Ərəbistanı konsulluğunun attaşesi İstanbula gəlib, qətl barədə əmri, həmçinin bununla bağlı planı baş konsul Məhəmməd əl Uteybiyə təqdim edib. Təhqiqatın fikrincə, Ər-Riyadla İstanbul arasında “qanlı marşrutun beyni” məhz Əlmuzaini ola bilərdi.
Xatırladaq ki, Camal Kaşıkçı oktyabrın 2-də sənədləşmə ilə bağlı Səudiyyə Ərəbistanının İstanbuldakı baş konsulluğuna gəlmiş və həmin vaxtdan itkin düşmüşdü. Oktyabrın 20-də Səudiyyə Ərəbistanının baş prokurorluğu jurnalistin konsulluqda öldüyünü təsdiqləmiş və buna diplomatik missiyada yaranan mübahisənin səbəb olduğunu bildirmişdi.