SİYASƏT


KOMİSSİYA DÖVLƏT BÜDCƏSİNİN İCRASI HAQQINDA QANUN LAYİHƏSİNİ MÜZAKİRƏ ETMİŞDİR

İyunun 2-də Milli Məclisin təhlükəsizlik və müdafiə məsələləri daimi komissiyasının iclası olmuşdur.

AZƏRTAC-ın müxbiri xəbər verir ki, iclasda “Azərbaycan Respublikasının 2003-cü il dövlət büdcəsinin icrası haqqında” qanunun layihəsi müzakirə edilmişdir.

Milli Məclis Aparatı iqtisadi qanunvericilik şöbəsinin müdiri Rauf Hacıyev məlumat verərək demişdir ki, 2003-cü ildə dövlət büdcəsinin mədaxili qanunla təsdiq olunmuş 6092 milyard manat əvəzinə 6104,5 milyard manat icra olunmuşdur. Bu, 2002-ci ilə nisbətən 34,1 faiz çoxdur. Büdcənin gəlirləri istehsal olunmuş ümumi daxili məhsulun 17,4 faizini təşkil etmişdir Büdcə daxilolmalarının 67 faizi Vergilər Nazirliyi, 17,4 faizi Dövlət Gömrük Komitəsi, 0,2 faizi İqtisadi İnkişaf Nazirliyi tərəfindən təmin edilmiş, 15,4 faizi digər mənbələrdən daxil olmuşdur.

Natiq büdcənin xərcləri barədə danışarkən demişdir ki, bunlar təsdiq olunmuş 6423 milyard manat əvəzinə 6172,7 milyard manat icra edilsə də, 2002-ci ilə müqayisədə 1513,9 milyard manat çoxdur. Xərclərin icrası zamanı sosialyönümlü tədbirlərin maliyyələşdirilməsinə üstünlük verilmiş və vəsaitin 55 faizi bu istiqamətə yönəldilmişdir.

Milli Məclis sədrinin müavini, komissiyanın sədri Ziyafət Əsgərov, komissiya üzvləri Rizvan Cəbiyev, Vladimir Timoşenko, Maliyyə Nazirliyi hüquq mühafizə orqanlarının maliyyəsi şöbəsinin müdiri İlham Zeynalov çıxış etmişlər.

Qanun layihəsini Milli Məclisin müzakirəsinə vermək qərara alınmışdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.