İDMAN
Kamran Məmmədov: Beynəlxalq yarışlarda zəif rəqib olmur
Bakı, 18 may, H.Mahmudova, S.Allahverdiyeva, AZƏRTAC
Bu cür beynəlxalq yarışlarda zəif rəqib olmur. Əgər rəqibinə ciddi yanaşmasan, o gözləmədiyin anda sənə fənd tətbiq edərək qalib gələ bilər.
Bu sözləri AZƏRTAC-a müsahibəsində IV İslam Həmrəyliyi Oyunlarında 66 kiloqram çəki dərəcəsində mübarizə apararaq qızıl medal əldə edən yunan-Roma güləşçisi Kamran Məmmədov deyib.
O bildirib ki, bu oyunlarda iştirak etməkdə məqsədi yalnız qızıl medal əldə etmək olub: “Məşqçilərim və azarkeşlər də məndən bunu gözləyirdilər. Bundan sonra növbəti yarışlara hazırlaşacağam. Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunan güləş üzrə “Qızıl Qran-Pri” beynəlxalq turnirində və dünya çempionatında iştirak edərək, yüksək nəticə göstərmək əzmindəyəm”.
Qeyd edək ki, K.Məmmədov həlledici mərhələdə Qırğızıstan güləşçisi Janat Kyılbayev ilə qarşılaşıb. Görüş vaxtından əvvəl 9:0 hesabı ilə Azərbaycan pəhləvanının xeyrinə başa çatıb.