ELM VƏ TƏHSİL
Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun əməkdaşı Kazan Elmi-Tədqiqat Texniki Universitetində ezamiyyətdə olub
Bakı, 17 mart, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun “Elm-Təhsil-Sənaye” məqsədli qrant müsabiqəsi çərçivəsində qalib olmuş layihənin iştirakçısı AMEA-nın Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun əməkdaşı dosent Yaqub Nağıyev Rusiya Federasiyasının Tatarıstan Respublikasının Kazan Elmi-Tədqiqat Texniki Universitetində (KETTU) ezamiyyətdə olub.
Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib. Bildirilib ki, məqsəd sözügedən qrant layihəsi çərçivəsində birgə əməkdaşlıq, elmi və praktiki nəticələrin ümumi müzakirəsi, neft və neft məhsullarının, onların oksidləşməsi nəticəsində alınan qiymətli oksigenli üzvi birləşmələrin analiz metodlarının istifadə olunması haqqında yeniliklər, müxtəlif növ müasir cihazlar, onların iş prinsipi ilə yaxından tanışlıq olub.
Y.Nağıyev ezamiyyət müddətində universitetin professor və müəllimləri, tədqiqatçılar ilə görüşüb, onların apardığı tədqiqatlar və kimya laboratoriyaları ilə yaxından tanış olub. Qrant layihəsi çərçivəsində birgə əməkdaşlıq haqqında və s. məsələlər müzakirə edilib. Razılaşdırılmış məqamlar tərəflər arasında tərtib olunan protokolda öz əksini tapıb.
Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun əməkdaşı qeyd edilən universitetin Ümumi kimya texnologiyası kafedrasının müdiri, professor Nikolay Ulitin və həmin kafedranın professoru, kimya elmləri doktoru Xarlampiy Xarlampidi ilə görüşüb.
Görüşdə əməkdaşlıq haqqında ümumi elmi və praktiki müzakirələrin aparılmasının vacibliyi vurğulanıb. Birgə elmi-tədqiqat işlərinin aparılması, doktorant və magistrantların mübadiləsi əsasında ikili diplomların verilməsi və s. məsələlərin mümkünlüyü haqqında ilkin razılaşmalar əldə edilib.