İQTİSADİYYAT
Kənan Yavuz: “Petkim PetroKimya Holding A.Ş.”nin səhmlərinin bir hissəsi satılacaq
Bakı, 23 iyul, Nihat Budaqov, AZƏRTAC
“Petkim PetroKimya Holding A.Ş.”nin səhmlərinin bir hissəsi satılacaq.
AZƏRTAC Türkiyə KİV-lərinə istinadla xəbər verir ki, bu barədə “SOCAR Turkey Enerji A.Ş.”nin rəhbəri Kənan Yavuz məlumat verib. O, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) “Petkim PetroKimya Holding A.Ş.”dəki səhmlərinin müəyyən bir hissəsinin satışının planlaşdırıldığını, lakin bu hissənin nəzarətdə saxlanılan miqdardan aşağı olmayacağını deyib.
“Özəlləşdirmə İdarəsindən aldığımız “Petkim PetroKimya Holding A.Ş.” səhmlərinin satılması və şirkətdəki 51 faizlik nəzarət hissəsindən aşağıya enmək düşüncəmiz yoxdur”, - deyə Kənan Yavuz qeyd edib.
Bütün investisiyaların təməlinin “Petkim” olduğunu və 2030-ci ilə qədər bu çərçivədə master planları olduğunu deyən “SOCAR Turkey Enerji A.Ş.”nin rəhbəri bildirib ki, sərmayəçilərə dəstək olmaq üçün 2009-2010-ci illərdə birjada əldə etdiyimiz səhmlərin satışı mümkündür.
“Hazırda “Petkim”də 65 faiz hissəmiz var və zaman-zaman 51 faizdən aşağıya enməmək şərti ilə səhm satışı planlaşdırılır. Satışla bağlı hər hansı cədvəl yoxdur, ancaq bu il ərzində müəyyən səhm satışı nəzərdə tutulur”, - deyə “SOCAR Turkey Enerji A.Ş.”nin rəhbəri Kənan Yavuz deyib.
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki ən böyük aktivi olan “Petkim PetroKimya Holding A.Ş.”nin səhmlərinin 61,32 faizi SOCAR-a məxsusdur.
SOCAR 2012-ci il mayın 30-dan etibarən Türkiyədəki fəaliyyətini “SOCAR Turkey Enerji A.Ş.” adı ilə davam etdirir.