CƏMİYYƏT
Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşları Çində keçirilən seminarda iştirak ediblər
Seminar ekoloji kənd təsərrüfatı sistemləri və kənd təsərrüfatının davamlı inkişafı mövzusuna həsr olunub
Bakı, 30 iyul, AZƏRTAC
Çin Xalq Respublikasında “Ekoloji kənd təsərrüfatı sistemləri və kənd təsərrüfatının davamlı inkişafı” mövzusunda seminar keçirilib. Kənd Təsərrüfatı Nazirliyi Aparatının Torpaqdan istifadəyə nəzarət şöbəsinin mütəxəssisləri Firidun Tağıyev, Ərşad Yaşar və Kənd Təsərrüfatının İqtisadiyyatı Elmi-Tədqiqat İnstitutunun əməkdaşı Əbdülrəhim Dadaşov seminarda iştirak ediblər.
Nazirliyin ictimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildiriblər ki, tədbirə Azərbaycanla yanaşı Misir, Pakistan, Zimbabve, Syerra-Leone və Botsvanadan 21 iştirakçı qatılıb. Seminarda müasir kənd təsərrüfatının inkişafı, kənd təsərrüfatı kooperativlərinin fəaliyyətinin təşkili, ənənəvi kənd təsərrüfatına dəstək, “ağıllı” kənd təsərrüfatı sistemləri, kənd təsərrüfatında ekoloji normaların qorunması mövzuları müzakirə olunub.
Seminarın proqramına mühazirələr, sahə turları və kulturoloji turlar daxil edilib. İştirakçılar seminar çərçivəsində Handan, Dezhou, Huzhou və Hangzhou şəhərlərinə səyahət etmək imkanı qazanıblar. Azərbaycan nümayəndə heyəti mühazirələrdə, sahə turlarında və kulturoloji turlarda fəal iştirak edib.
Təlimin sonunda nazirliyin əməkdaşları tərəfindən ölkəmiz haqqında, xüsusən də kənd təsərrüfatının müxtəlif sahələrinin statistik göstəriciləri barədə təqdimat keçiriblər. Nümayəndə heyətinin üzvlərinə kursu müvəffəqiyyətlə başa çatdırdıqlarını təsdiqləyən sertifikatlar təqdim olunub.