REGİONLAR
“Kənd həyat tərzinin inkişafında qadınların rolu” layihəsi reallaşdırılır
Ağsu, 24 may, AZƏRTAC
Azərbaycanda yaşayan əhalinin ahıl, tənha və aztəminatlı ailələrinin, xüsusilə qadınların sosial vəziyyətinin yaxşılaşdırılması, onların asudə vaxtlarının səmərəli təşkilinə dair təşəbbüslər bu gün xüsusi önəm daşıyır. Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı müsabiqəsinin qaliblərindən olan MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin “Kənd həyat tərzinin inkişafında qadınların rolu” layihəsi də məhz bu məqsədə xidmət edir.
AZƏRTAC xəbər verir ki, layihə çərçivəsində Ağsu rayonunun Gəgəli, Bico və Qəşəd kəndlərində müxtəlif yaş kateqoriyalarına malik qadınların kənd həyat tərzinin inkişafında tarixən keçdiyi yol, ənənəvi təsərrüfat sahələri, xüsusilə ev sənətkarlığı haqqında araşdırmaların aparılması, nəticələrin ümumiləşdirilməsi, təklif və tövsiyələrin hazırlanması, praktiki işlərin təşviq edilməsi, yeniliklərin kəndlərə gətirilməsi və digər məqamlara diqqət göstəriləcək.
Layihə rayonun Gəgəli, Bico və Qəşəd kəndlərində həm yerli palaz və xalça toxuma, həm də Şirvan xalça məktəbinə xas olan çeşnilərin özünəməxsusluğunun öyrədilməsinə, bölgədə sahibkarlığın, turizm potensialının inkişafına imkan verəcək. Eyni zamanda, boyaqçılığın bərpası, boyaq bitkilərinin kultivasiyası, qoyunçuluğun inkişafı, yun emalı iplik istehsalı müəssisələrinin yaradılması, kəndli-fermer təsərrüfatlarının inkişaf etdirilməsi kimi kompleks yanaşmaların təşviqi də diqqət mərkəzində olacaq. Bunun üçün istiqamətlər üzrə müvafiq təlimlərin təşkili, xalçaçılıq sənəti və texnologiyası, boyaqçılıq, kəndli-fermer təsərrüfatlarının yaradılması, bitkilərin kultivasiyası sahəsində ən müsbət təcrübənin öyrənilməsi, iqtisadi səmərəlilik, qanunvericilik bazası ilə bağlı elmi-praktik seminarların keçirilməsi, mütərəqqi texnologiyalara dair ədəbiyyatın nəşri, tullantısız, alternativ enerji mənbələrinə əsaslanan pilot təsərrüfat modelinin işlənilməsi və kənd qadınlarının bu sahələrdə rolunun artırılması nəzərdə tutulub.
Əldə olunan nəticələr xalçaçılıq üzrə “Ustad dərsləri”nin keçirilməsi, yerli və əcnəbi turistlərə “Xalça və palaz turları”nın təşkili, mədəni məhsulun istehsalı nəticəsində iqtisadi səmərənin əldə olunmasının nümunəsi kimi ölkəmizdə digər sənət növlərinə də yeni baxışın formalaşmasına və mədəni irs nümunələrinin inkişafına yönələn istənilən ideyaya kompleks yanaşmanın perspektivləri haqqında təsəvvür yaradacaq.
Layihənin məqsədlərindən biri həm də gələcəkdə məhsulların satışı yarmarkalarını təşkil edərək, insanlarda bu sahəyə qarşı maraq oyatmaq, maddi və mənəvi stimullaşdırmadır.
Layihənin rəhbəri tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli AZƏRTAC-ın müxbirinə deyib ki, hər bir iştirakçı imtahandan keçərək sertifikat əldə edəcək. Həmçinin əldə olunan nəticələri əks etdirən fotosərginin və əl işlərindən ibarət satış-sərginin təşkili, qabaqcıl təcrübə və pilot müəssisə modelinin təqdimatı, birliyə məxsus agsunews.az internet səhifəsində kənd həyat tərzi bölməsinin yaradılması, “Kənd həyat tərzinin inkişafında qadınların rolu” tövsiyə kitabının çap olunması da nəzərdə tutulub.