REGİONLAR
Kəngərli rayonunun Böyükdüz kəndində qapalı suvarma şəbəkəsi qurulur
Kəngərli, 7 iyun, AZƏRTAC
Muxtar respublikada mütərəqqi suvarma şəbəkələrinin əhatə dairəsinin genişlənməsi torpaqlardan səmərəli istifadəyə imkan verir. Son illərdə qurulan qapalı suvarma şəbəkələri hesabına min hektarlarla yeni torpaq sahələri əkin dövriyyəsinə qatılıbdır. Hazırda Kəngərli rayonunun Böyükdüz kəndi ərazisində qapalı suvarma şəbəkəsi qurulur.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, şəbəkə 339 hektar sahəni əhatə edir. Tikintisinə 2020-ci ilin dekabrında başlanan layihə ərazisində 27,7 kilometr suvarma xətti, 1,7 kilometr qapalı drenaj xətti çəkilib, 2,9 kilometr açıq drenaj kanalı qazılıb, 100 ədəd hovuz və hidrant quraşdırılıb.
Əraziyə suyun verilməsi Araz çayından qidalanan “Qaraçuq-1” nasos stansiyası vasitəsilə “Azərbaycan” nasos stansiyasına vurularaq həyata keçiriləcək, sonra su qoşa boru xətt ilə Böyükdüz kəndi ərazisində yerləşən hovuzlara ötürüləcək.