REGİONLAR
Kəngərli rayonunun ictimai, sosial, mədəni həyatında fərqlənən gənclər mükafatlandırılıb
Kəngərli, 2 fevral, AZƏRTAC
Kəngərli rayonunda 2 Fevral - Gənclər Günü münasibətilə keçirilən tədbirdə rayonunun ictimai, sosial və mədəni həyatında fərqlənən gənclər mükafatlandırılıb.
AZƏRTAC xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin rayon mərkəzində əzəmətlə ucalan abidəsinin önünə gələrək gül dəstələri düzüb, dahi rəhbərin xatirəsinə ehtiramlarını bildiriblər.
Sonra tədbir rayon Mədəniyyət Evində davam etdirilib.
Tədbirdə rayon icra hakimiyyətinin əməkdaşı Asimə Cəfərova çıxış edərək, əlamətdar gün münasibətilə gəncləri təbrik edib. Bildirib ki, bu gün əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan dövlət gənclər siyasəti ölkəmizdə, o cümlədən muxtar respublikamızda da uğurla davam etdirilir.
Qeyd olunub ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasında gənc istedadlara dövlət qayğısının artırılması haqqında” və “Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Yanında Gənclər Fondunun yaradılması haqqında” fərmanları gənclərin cəmiyyətin aparıcı qüvvəsinə çevrilməsi istiqamətində atılan mühüm addımlardır.
Asimə Cəfərova bu gün rayonda dövlət orqanlarında çalışanların əksəriyyətinin gənclər olduğunu bildirərək bölgənin inkişafında onların böyük rolu olduğunu diqqətə çatdırıb. Vurğulanıb ki, gənclərin asudə vaxtının səmərəli keçirilməsi üçün rayon mərkəzində geniş ərazidə istirahət parkı salınıb, iki idman meydançası və rayon Mədəniyyət Evi inşa edilib.
Sonra ümummilli lider Heydər Əliyevin gənclərlə görüşlərindən bəhs edən “Heydər Əliyev: dünyaya pəncərə” sənədli filmi nümayiş olunub.
Daha sonra Kəngərli Rayon Mədəniyyət və Turizm Şöbəsinin “Kəngər” instrumental ansamblı konsert proqramı ilə çıxış edib.
Tədbirdə rayon icra hakimiyyəti başçısının müavini Hacırəddin Mehbalıyev də çıxış edərək gəncləri təbrik edib, onlara gələcək fəaliyyətində uğurlar arzulayıb, rayonun ictimai, sosial, mədəni həyatında fərqlənən bir qrup gəncə diplom və hədiyyələr təqdim olunub.