MƏDƏNİYYƏT
Kərim Tahirov: Kitab sərgisi kitabın təbliğinə və insanlar üçün əlçatanlığa çox şərait yaradır
Bakı, 8 oktyabr, AZƏRTAC
10 ildən artıqdır ki, Bakıda Beynəlxalq Kitab sərgiləri keçirilir. Belə kitab sərgilərinin əsas məqsədi, qayəsi, insanların diqqətinin kitaba, mütaliəyə cəlb olunması və eyni zamanda, kitabın təbliğini daha da gücləndirməyə xidmət edir.
AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Milli Kitabxanasının direktoru, professor Kərim Tahirov deyib. O bildirib ki, belə sərgidə gənclərin, xüsusilə uşaqların iştirak etməsi onların milli-mənəvi dəyərlərimizə söykənərək elmlərə, biliklərə yiyələnməsinə çox yaxından köməklik göstərəcək. Burada bir neçə ölkə nəşriyyatı iştirak edir.
"Ümumiyyətlə, bu sərgidə xarici ölkələrin nəşriyyatlarının iştirakı bizim kitabxanaların onlarla əlaqələrinin möhkəmlənməsinə xidmət edir. Bizim milli kitabxana üçün bu sərginin önəmi ondan ibarətdir ki, hər sərgidə bir neçə ölkənin milli kitabxanaları ilə qarşılıqlı əməkdaşlığa dair müqavilələr imzalayırıq. Bunlar hamısı kitabın təbliğinə və kitabın insanlar üçün əlçatan olmasına çox yardımçı olur", - deyə K.Tahirov qeyd edib.