DÜNYA


Kim Çen In: Şimali Koreya ABŞ-la istənilən hərbi toqquşmaya hazırdır

Bakı, 28 iyul, AZƏRTAC

Şimali Koreya Birləşmiş Ştatlarla istənilən hərbi toqquşmaya tam hazırdır.

AZƏRTAC Yonhap agentliyinə istinadla xəbər verir ki, bu barədə KXDR lideri Kim Çen In Koreya müharibəsinin (1950-1953) başa çatmasının ildönümü münasibətilə çıxışında bildirib.

“ABŞ bizim bütün gündəlik fəaliyyətimizi səhvən təxribat və təhdid adlandırır, eyni zamanda, milli təhlükəsizliyimizi ciddi şəkildə təhdid edən genişmiqyaslı təlimlər keçirir. Bu, sözün əsl mənasında, KXDR və ABŞ arasında münasibətləri geri dönməz münaqişəyə sürükləyən qanqster davranışıdır”, - Kim Çen In belə deyib. Onun sözlərinə görə, KXDR silahlı qüvvələri istənilən böhrana reaksiya verməyə hazırdır.

Kim Çen In, həmçinin KXDR-ə hücum cəhdi olacağı təqdirdə Cənubi Koreya ordusunun məhv ediləcəyini deyib: “Əgər Cənubi Koreyada bizə hücum etməyi düşünürlərsə və müəyyən hərbi vasitələr və ya üsullarla bizim hərbi gücümüzü məhv edə biləcəklərinə inanırlarsa yanılırlar”.

Koreya müharibəsinin başa çatmasının ildönümü KXDR-də milli bayram kimi qeyd olunur. Koreya yarımadasında döyüşlər 1950-ci il iyunun 25-də başlayıb və 1953-cü il iyulun 27-də başa çatıb. Döyüşlərdə Cənubu ABŞ-ın başçılıq etdiyi 17 dövlətdən ibarət koalisiya, Şimalı isə Çin və Sovet İttifaqı dəstəkləyib.

Müharibə Şimali və Cənubi Koreya arasında demilitarizasiya zonasında yerləşən Phanmuncom sərhəd-keçid məntəqəsində atəşkəs sazişinin imzalanması ilə yekunlaşıb. Lakin iki ölkə arasında hələ də tamhüquqlu sülh müqaviləsi imzalanmayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.