MƏDƏNİYYƏT
Kitabxanada “Bizi birləşdirən uşaqlara olan sevgidir” adlı görüş təşkil edilib
Bakı, 11 oktyabr, AZƏRTAC
F.Köçərli adına Respublika Uşaq kitabxanasında xarici yazarlarla Azərbaycan uşaq yazarları arasında “Bizi birləşdirən uşaqlara olan sevgidir” adlı görüş keçirilib.
AZƏRTAC xəbər verir ki, Beynəlxalq Uşaq Kitabı Şurasının (İBBY) Amerika bölməsinin üzvü Meqan Seyris və Böyük Britaniyanın tanınmış uşaq yazıçısı, İBBY-nin üzvü Cəmilə Geyvin əvvəlcə kitab sərgisi və kitabxana ilə tanış olublar.
Görüşdə, uşaq yazıçılarından Zahid Xəlil, Sevinc Nuruqızı, Solmaz Amanova, Elvira Məmmədli, Aygün Bünyadzadə, Qəşəm İsabəyli, İnqilab İsaq, Rafiq Yusifoğlu və Reyhan Yusifqızı iştirak ediblər.
Kitabxananın direktoru, Əməkdar mədəniyyət işçisi Şəhla Qəmbərova qonaqları kitabxanada görməkdən məmnun olduğunu və bu görüşün səmərəli keçərək yazarlar arasında əməkdaşlığa öz töhfəsini verəcəyini qeyd edib.
Meqan Seyris çıxışında uşaqlar və böyüklər üçün bir çox kitablar yazdığını, əsərlərinin müxtəlif dillərə tərcümə edildiyini söyləyib. İrlandiya, Türkiyə, Qətər, İran və Özbəkistan məktəblərində görüşlər keçirdiyini bildirib.
Böyük Britaniyanın tanınmış uşaq yazıçısı Cəmilə Gevin isə çıxışında deyib: “İlk kitabım “Sehrli portağal ağacı” 1979-cu ildə çap olunub. Ondan sonra davamlı yazır, uşaqlar üçün hekayələr, yeniyetmələr üçün romanlar, pyeslər toplusu hazırlayıram. Mən yalnız uşaqlar üçün yazıram, çünki onlara deyəcəyim bir şey olduğunu hiss edirəm”.
Görüş çərçivəsində, hər iki yazıçı haqqında hazırlanmış video-slayd təqdim edilib, Bülbül adına orta ixtisas musiqi məktəbinin şagirdlərinin ifasında milli musiqi nömrələri ifa olunub.
Sonra yazıçılar arasında uşaq ədəbiyyatı ilə bağlı fikir mübadiləsi aparılıb. Qonaqlar, kitab və kitabxanaların eləcə də, yazıçıların əsərlərinin dünyada tanınması üçün ən yaxşı vasitənin internet üzərindən reklam olduğunu qeyd ediblər. O cümlədən, Azərbaycan mədəniyyətinin, ədəbiyyatının qədim, dəyərli və zəngin olduğunu vurğulayıblar.
Sonda hər iki yazıçı əsərlərini kitabxanaya hədiyyə edib.