MƏDƏNİYYƏT


Kiyevdə “Böyüməyən uşaqlar” tamaşasının premyerası olub

Kiyev, 23 fevral, AZƏRTAC

Ukraynanın paytaxtı Kiyevdə Xocalı soyqırımı hadisələrini bədii üslubda çatdırmaq məqsədilə “Böyüməyən uşaqlar” tamaşası nümayiş olunub.

AZƏRTAC xəbər verir ki, Ukraynanın “Çornıy kvadrat” teatrı tərəfindən səhnələşdirilən səhnə əsəri Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporu, Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresi və Kiyev Azərbaycanlıları Konqresinin təşkilatçılığı ilə hazırlanıb. Tamaşanın nümayişindən öncə, UABD, BUAK, KAK-ın sədrləri Hikmət Cavadov, Rövşən Tağıyev, Oleq Krapivin, Dövlət Komitəsinin şöbə müdiri Ruslan Quliyev çıxış edərək Xocalı soyqırımının xarici ölkələrdə tanıdılması istiqamətində hər bir vətəndaşın üzərinə böyük məsuliyyət düşdüyünü vurğulayıb. Bildirilib ki, tamaşa Xocalı soyqırımı barədə Ukrayna cəmiyyətində böyük təsəvvür yaradacaq.

Sonra Xocalı faciəsinin canlı şahidlərindən biri – ukraynalı helikopter pilotu Leonid Kravets çıxış edərək bu faciədən 27 il ötməsinə baxmayaraq, bütün hadisələrin kino lenti kimi gözünün qabağından keçdiyini bildirib. Tamaşanın ərsəyə gəlməsində xidməti olan hər kəsə təşəkkürünü bildirən pilot qeyd edib ki, layihənin Xocalı soyqırımını daha çox kütləyə çatdırılmasında böyük əhəmiyyəti var.

Daha sonra tamaşa nümayiş olunub. Tamaşanın əsas süjet xəttini müharibələrin, soyqırımlarının insan düşüncəsində buraxdığı ağır izlər, bunun nəticəsində faciə görmüş insanların cəmiyyətə adaptasiya olunmasında yaratdığı çətinliklər təşkil edir.

Xatırladaq ki, layihənin rəhbəri Hikmət Cavadov, ideya müəllifi Murad Cəfərov, quruluşçu rejissoru Yuriy Klyatskin, rejissor Fuad Əliyev, ssenarisi Sergey Fedarçuk, bəstəkarı Türkər Qasımzadədir.

Tamaşanı izləyənlər arasında Azərbaycanın Ukraynadakı səfirliyinin müşaviri Elman Bağırov, Azərbaycanın Poltavadakı fəxri konsulu Elşən Vəliyev, Ukraynanın Xalq artisti Vladimir Qrişko, Ukrayna Kikboksinq Federasiyasının prezidenti Olqa Pavlenko, vitse-prezidenti Elşad İbrahimov, Taras Şevçenko adına Kiyev Milli Universitetinin müəllim və tələbə heyəti, diaspor fəalları da olub.

Qeyd edək ki, tamaşa Parlament Jurnalistləri Birliyinin sədri Elşad Eyvazlının “Böyüməyən uşaqlar” kitabının motivləri əsasında səhnələşdirilib.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.