REGİONLAR
“Köhlən” komandasının məşqçisi: Gənclərin milli atüstü oyunlara maraq göstərməsi bizi sevindirir
Şəki, 16 dekabr, Mustafa Dadaşov, AZƏRTAC
Çövkən oyunu Azərbaycanın qeyri-maddi mədəni irs nümunəsi kimi 2013-cü ildə UNESKO-nun Təcili Qorunmaya Ehtiyacı olan Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edildikdən sonra istədim ki, milli oyunların dirçəldilməsinə mən də öz töhfəmi verim. Atçılığa marağı olan gəncləri toplayaraq “Köhlən” komandasını yaratdım. Sovetlər dönəmində, ötən əsrin 80-ci illərində mən özüm də çövkənlə məşğul olmuşam, Azərbaycan yığma komandasının tərkibində yarışlarda iştirak etmişəm, uğurlarımız olub. Hazırda atçılığın inkişaf etdirilməsi məni çox sevindirir.
Bu sözləri Şəkidə keçirilən Prezident Kuboku uğrunda çövkən milli oyunu üzrə yarışda iştirak edən Bakının “Köhlən” komandasının rəhbəri və məşqçisi Şəmsəddin Atayev AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində deyib.
Son illər ölkəmizdə qədim tarixə malik atçılıq ənənələrinin bərpasına xüsusi diqqət göstərildiyini vurğulayan keçmiş çövkənçi deyib: “İgidlik rəmzi olan at xalqımızın həyatında, məişətində əvəzsiz rol oynayıb. Azərbaycanlılar ta qədimdən at saxlayıb, igidlərimiz at belində düşmən üstünə gediblər. Yaxşı haldır ki, atçılıq indi də inkişaf etdirilir, gənclərimiz milli atüstü oyunlara maraq göstərirlər. Çövkən əvvəllər kəndlərdə kortəbii şəkildə oynanılırdı. Hazırda isə yarışlar, turnirlər keçirilir. Komandaların sayı artır, peşəkarlıq səviyyəsi yüksəlir, rəqabət güclənir. Atçılığın inkişaf etdirilməsi, həm də gənclərimizin sağlamlığı deməkdir”