CƏMİYYƏT


Könüllülərdən ictimai asayiş keşikçilərinə dəstək

Bakı, 25 iyun, AZƏRTAC

Yeni növ koronavirus infeksiyasının ölkəmizdə yayılması ilə əlaqədar xüsusi karantin rejimi şəraitində yorulmadan fəaliyyət göstərən Azərbaycan könüllüləri Prezident İlham Əliyevin “Biz birlikdə güclüyük!” şüarını rəhbər tutaraq növbəti aksiya çərçivəsində Bakıda ictimai asayiş keşikçilərinə dəstək nümayiş etdiriblər.

Azərbaycan Könüllülərinin Əlaqələndirmə Mərkəzindən (AKƏM) AZƏRTAC-a bildiriblər ki, könüllülər xüsusi karantin rejiminin tələblərinə ciddi əməl edilməsinə nəzarət üzrə fasiləsiz xidmət göstərən hüquq-mühafizə orqanları əməkdaşlarına dəstək və minnətdarlıqlarının təcəssümü olaraq, öz təşəbbüsləri ilə onlara kiçik su qabları hədiyyə edib və könüllülərin dəstək sözlərinin ifadə olunduğu açıqcalar çatdırıblar. Bununla koronavirus infeksiyasının yayılmasının qarşısının alınmasında fədakarlıq göstərən hüquq-mühafizə orqanlarının əməkdaşları ilə həmrəyliklərini və vətəndaş məsuliyyətlərini nümayiş etdiriblər.

Təqdirəlayiq haldır ki, xüsusi karantin rejiminin qaydalarını nəzərə alaraq, könüllülər Bakı şəhərində SMS icazə sisteminin yaratdığı iki saatlıq açıq havada olma hüquqlarından məhz bu aksiyada iştirak məqsədilə istifadə ediblər.

Qeyd edək ki, yeni növ koronavirus pandemiyası ilə mübarizədə dövlətin gördüyü tədbirlərə dəstək məqsədilə bir araya gələn Azərbaycanın bütün aparıcı könüllü hərəkat və təşkilatlarını bir çətir altında birləşdirən AKƏM Azərbaycan Respublikası Prezidentinin “Biz birlikdə güclüyük!” şüarı altında könüllüləri səfərbər etməklə, onların əlaqələndirilməsi və lazımi fəaliyyətlərə yönləndirilməsini həyata keçirir. Bu günədək AKƏM-in təşkilatçılığı ilə keçirilən “Böyüklərimizi qoruyaq!”, “Könüllü qonşu”, “Könüllü donor” və “Bir-birimizi qoruyaq!” aksiyalarında minlərlə könüllü iştirak edib və on minlərlə insan əhatə olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.