REGİONLAR
Könüllülük fəaliyyəti gənclərin fərdi inkişafında əvəzsiz rol oynayır
Sumqayıt, 5 dekabr, Ətrabə Rzayeva, AZƏRTAC
Sumqayıtdakı Gənclər Evində 5 dekabr - “Beynəlxalq Könüllülər Günü” münasibətilə “Könüllülər inklüziv gələcək üçün” mövzusunda seminar təşkil edilib. Tədbir Azərbaycan Könüllülər Həftəsi çərçivəsində reallaşıb.
AZƏRTAC xəbər verir ki, Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə keçirilən seminarın məqsədi “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramına uyğun olaraq gənclər arasında könüllülük fəaliyyətinin daha geniş təbliği, cəmiyyətin bütün sahələrində gənclərin fəal iştirakına şərait yaratmaq, ictimai həyatda fəal iştirak etmək və təcrübi bilikləri artırmaqdır. Baş İdarənin Gənclərlə iş sektorunun baş məsləhətçisi Pərvin Rəsulov könüllülük fəaliyyətinin gənclərin fərdi inkişafında əvəzsiz rol oynadığını qeyd edib. Bildirilib ki, Baş İdarə tərəfindən bu istiqamətdə keçirilən müxtəlif tədbirlər şəhərdə könüllülük hərəkatının inkişafına öz töhfəsini verir.
Daha sonra təlimçi Rza Mirzəzadə könüllülük fəlsəfəsi, gənclərin idarəetmə və vətəndaş cəmiyyətinin inkişafında rolu, ictimai fəallığın təmin olunması barədə biliklərini iştirakçılarla bölüşüb, gəncləri maraqlandıran sualları cavablandırıb.