CƏMİYYƏT
Könüllülük gənclərin əhatə dairəsinin genişlənməsində, iş təcrübəsinin zənginləşməsində mühüm rol oynayır
Bakı, 3 fevral, AZƏRTAC
Azərbaycan Memarlıq və İnşaat Universitetinin ikinci kurs tələbəsiyəm. Könüllülük fəaliyyəti ilə iki ildir ki, məşğulam. Bu fəaliyyət dərslərimi oxumaqda mənə qətiyyən mane olmur. Əksinə, dünyagörüşümün formalaşmasına, bilik və bacarığımın artmasına çox kömək edir. Könüllülüyə qədər liderlik haqqında düşüncəm belə yox idi. Amma indi fərqlənmək, seçilmək mənim ən ümdə amalıma çevrilib. Könüllülük insanın əhatə dairəsinin genişlənməsində, iş təcrübəsi və yeni dostlar qazanmasında böyük rol oynayır.
Bu sözləri AZƏRTAC-a müsahibəsində 20 yaşlı könüllü Həsən Novruzov deyib.
Müsahibimiz könüllü kimi bir çox yarışlarda iştirak etdiyini, Avropa Gəncləri Olimpiya Festivalı, cüdo üzrə dünya çempionatı, boks üzrə Avropa çempionatı və digər beynəlxalq yarışlarda təşkilatçılara kömək etdiyini bildirib. Hazırda Azərbaycan Gimnastika Federasiyası ilə işlədiyini diqqətə çatdıran H.Novruzov federasiyada könüllülər üçün çox yaxşı şərait yaradıldığını deyib. Bildirib ki, beynəlxalq yarışlar zamanı Bakıya gələn qonaqların qarşılanması və yerləşdirilməsi işinə kömək edir.
Həsən Novruzov könüllülük fəaliyyətinin insanın dünyagörüşünün formalaşmasında, təcrübə qazanmasında önəmli rolunu qeyd edib. “Hələ birinci kursda oxuyanda cəmiyyətdə könüllülərə qarşı bir ehtiram, sevgi olduğunu görürdüm. Bu, məni cəlb etdi. Mən könüllülük fəaliyyəti ilə məşğul olandan sonra ünsiyyətcil olmağı öyrəndim. İndi mənim çoxlu dostlarım var. Biz asudə vaxtlarımızda bir yerə toplaşır, müxtəlif mövzuda müzakirələr aparır, gələcək planlarımız barədə danışırıq”, – deyə o vurğulayıb.
Dövlətimizin başçısının gəncləri hər zaman dəstəklədiyini bildirən könüllü gənc qeyd edib ki, Azərbaycan Prezidentinin Sərəncamı ilə 2020-ci ilin “Könüllülər ili” elan olunması ölkənin könüllülük hərəkatına öz möhürünü vuracaq. O qeyd edib ki, bu il həm də könüllülərin dövlətimizə, xalqımıza xidmət fəaliyyətində səmərəli illərdən olacaq. H.Novruzov öz yaşıdlarını, ümumiyyətlə, bütün gəncləri könüllük hərəkatında fəal iştiraka çağırıb.