CƏMİYYƏT
Könüllülük hərəkatının təşkili və həyata keçirilməsində gənclər təşkilatlarının rolu müzakirə olunub
Bakı, 16 yanvar, AZƏRTAC
Sabunçu Gənclər Evində “2020-ci ildə könüllülük hərəkatının təşkili və həyata keçirilməsində gənclər təşkilatlarının rolu” adlı görüş keçirilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (ARGTMŞ) sədri Məryəm Məcidova görüşdə 2020-ci ilin “Könüllülər ili” elan edilməsinin könüllülük fəaliyyətinə istiqamətlənmiş daha çox layihələrin həyata keçirilməsinə şərait yaradacağını bildirib. Qeyd edib ki, Prezidentin bu sərəncamı ölkədə könüllülük fəaliyyətinə verilən yüksək dəyərin göstəricisidir.
ARGTMŞ-nin layihələr üzrə katibi Azər Əliyev çıxış edərək, Şuranın “Könüllülük ili” ilə əlaqədar nəzərdə tutulan gələcək fəaliyyət planı barədə iştirakçılara ətraflı məlumat verib.
Dünya Skaut Hərəkatı Təşkilatının Komitə üzvü, Azərbaycan Skautlar Assosiasiyasının nümayəndəsi İlyas İsmayıllı öz könüllülük təcrübəsini iştirakçılarla bölüşərək, könüllülüyün cəmiyyətə verdiyi töhfə haqqında danışıb. Qeyd edib ki, könüllülük vacib sosial bacarıqları inkişaf etdirərək cəmiyyətin buna ehtiyacı olan üzvlərinə qayğı göstərmək və eyni zamanda, dəyərli iş təcrübəsi qazanmağın vacib bir yoludur.
Görüşdə bir çox mövzular, o cümlədən ARGTMŞ-nin könüllülük hərəkatı ilə əlaqədar fəaliyyət planının təqdimatı, gənclər təşkilatlarının 2020-ci ildə könüllülük hərəkatının təşkili və həyata keçirilməsində rolu, gənclər təşkilatlarının bu il üzrə fəaliyyət planlarında prioritet istiqamətlər müzakirə edilib.
Tədbirin sonunda gənclər təşkilatlarının “Könüllülər ili” ilə bağlı təklifləri dinlənilib.