İQTİSADİYYAT


Koreyanın Ticarət İnvestisiya Agentliyi Azərbaycanda iqtisadi siyasətin uğurlarından yazıb

Bakı, 20 fevral, AZƏRTAC

Koreya Respublikasının Ticarət İnvestisiya Agentliyi (KOTRA) Azərbaycanda Prezident İlham Əliyev tərəfindən aparılan islahatların nəticəsi olaraq əldə edilən iqtisadi siyasətin uğurlarından bəhs edən məqalə dərc edib.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən (İİTKM) AZƏRTAC-a bildirilib ki, “Azərbaycan Prezidenti İlham Əliyevin 2019-cu ildə qazandığı uğurların xülasəsi” başlıqlı məqalədə iqtisadi artımın əsas istiqamətləri, qeyri-neft sektorunda nəzərəçarpan artım xüsusi vurğulanıb. Məqalədə qeyd olunub ki, 2019-cu il ərzində Azərbaycanın ümumi daxili məhsulu 2,2 faiz artıb, qeyri-neft istehsalı isə 3,5 faiz təşkil edib. Bundan başqa, hökumətin həyata keçirdiyi islahatlar nəticəsində özəl sektora investisiya qoyuluşu, aşağı faizli kreditlərin və subsidiyaların verilməsi nəticəsində qeyri-neft ixracatında 14 faiz artım qeydə alınıb.

KOTRA-nın yaydığı təhlildə göstərilib ki, problemli kreditlərin həll olunmasına, eləcə də sosial təminat sisteminə qoyulan vəsaitlərə baxmayaraq, il ərzində ölkədə inflyasiya cəmi 2,6 faiz, gəlir artımı isə 7,4 faiz olub. Azərbaycanda xarici valyuta ehtiyatları illik müqayisədə 6,4 milyard dollar artaraq rekord səviyyəyə - 51 milyard dollara yüksəlib.

Agentliyin hazırladığı məqalədə Azərbaycan hökumətinin maliyyə sektoruna dəstəyi, kənd təsərrüfatının inkişafının şaxələndirilməsi, turizmin inkişafı, xarici ticarət əlaqələrinin qurulması, Neft Fondunun az riskli sahələrə investisiya qoyuluşu, beynəlxalq səviyyəli enerji layihələrində iştirak müqayisəli rəqəmlərlə təhlil olunub. Yazıda İİTKM-in icraçı direktoru Vüsal Qasımlıya istinadla bildirilir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan islahatlar nəticəsində Azərbaycanda iqtisadi artım davamlı olacaq.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.