CƏMİYYƏT
Körpələr ana dilini başqa dillərdən fərqləndirməyi bacarırlar
Bakı, 8 oktyabr, AZƏRTAC
Mərkəzi Avropa Universitetinin mütəxəssisləri 1 yaşına qədər 40 uşağın davranışını müşahidə ediblər. AZƏRTAC “NewsTes” portalına istinadla xəbər verir ki, alimlər hələ sözlərin mənasını başa düşməyən körpələrin bir dili başqasından fərqləndirə bilib-bilmədiklərini aydınlaşdırmaq istəyiblər.
Tədqiqatçılar körpələr ilə müxtəlif dillərdə danışmağı onların valideynlərindən xahiş ediblər. Sonra körpələrə əcnəbi dildə film göstəriblər. Tədqiqat göstərib ki, körpələr dil fərqinə diqqət yetirirlər. Alimlər uşaqlarla ana dilində mümkün qədər çox danışmağı tövsiyə edirlər. Bu, onlarda ətraf mühit haqqında düzgün təsəvvürün formalaşmasına kömək edir.
Şimal-Qərb Universitetinin mütəxəssislərinin apardığı digər tədqiqat nəticəsində məlum olub ki, körpələr mücərrəd düşünməyi bacarırlar. Belə ki, onlar qarşılarındakı obyektlərin eyni, yaxud müxtəlif olduğunu hələ dil açmamış başa düşürlər. Obyektlər arasında oxşarlığı və fərqi tapmaq bacarığı intellekti inkişaf etdirmək üçün lazımdır.