İQTİSADİYYAT
Küçələrdə süni maneələri quraşdıranlar cərimələnəcək VİDEO
Bakı, 14 oktyabr, AZƏRTAC
Bu ilin sentyabr ayı ərzində Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC tərəfindən Bakı şəhərinin 23 küçəsində süni maneələrin sökülməsi işləri aparılıb. Ümumilikdə 60 tramplin sökülüb.
“Azəryolservis”in mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, paytaxtın bəzi küçələrində vətəndaşlar tərəfindən yolun hərəkət hissəsinə qanunsuz olaraq süni maneələr, yəni tramplinlər quraşdırılır. Bu isə haqlı olaraq sürücülərin narazılığına səbəb olur. Bunu nəzərə alan Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC bir müddətdir ki, həmin süni maneələrin sökülməsi işlərini davam etdirir.
Məlumatda qeyd olunub ki, ilkin olaraq yolun hərəkət hissəsinə süni maneə quraşdıranlara xəbərdarlıq edilib. Belə süni maneələr avtomobillərin sürətinin məcburi şəkildə azaldılması üçün tətbiq edilsə də, bu məsələ qanunvericiliklə tənzimlənmir və yollarda nəqliyyat vasitələrinin hərəkətlərinə mane olur. Odur ki, süni maneələri quraşdıranları növbəti dəfə inzibati məsuliyyət gözləyir.
Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 164.04 maddəsinə əsasən, yolların hərəkət hissəsində sədlərin, şlaqbaumların qurulması və nəqliyyat vasitələrinin hərəkətinin başqa üsullarla kəsilməsinə, habelə avtomobil yollarında nəqliyyat vasitələrinin və piyadaların hərəkətlərinə maneələrin yaradılmasına görə, fiziki şəxsləri 80 manatdan 100 manatadək, vəzifəli şəxsləri 400 manatdan 500 manatadək, hüquqi şəxsləri isə 3000 manatdan 4000 manatadək cərimə gözləyir.