CƏMİYYƏT
Kür çayının aşağı axınında suyun səviyyəsində azalma qeydə alınıb
Bakı, 27 noyabr, AZƏRTAC
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə, hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 120-130, Kiçik Qafqazın çaylarında 130-150, Lənkəran-Astara bölgəsi çaylarında 100-170, Naxçıvan Muxtar Respublikası çaylarında isə 155 faizini təşkil edir.
Departamentdən AZƏRTAC-a bildirilib ki, noyabrın 27-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 3 santimetr azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi saniyədə 186 kubmetr olmaqla ongünlük normanın 101 faizini təşkil edir. 2016-cı ildə isə bu rəqəm saniyədə 163 kubmetr təşkil etməklə ongünlük normanın 101 faizinə bərabər olub.
Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Hazırda məntəqədə su sərfi saniyədə 36 kubmetr olmaqla ongünlük normanın 45 faizini təşkil edir. Ötən il isə bu göstərici saniyədə 86 kubmetr təşkil edərək ongünlük normanın 106 faizinə bərabər olub.
Noyabrın 27-də Kür çayının aşağı axınında suyun səviyyəsində azalma müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 9, Şirvanda və Araz çayının Novruzlu məntəqəsində 2, Salyanda 8, Bankədə 7 santimetr azalma qeydə alınıb.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 362 (2016-cı il noyabrın 27-də 527 sm), Şirvanda 245, Salyanda 201 (2016-cı il noyabrın 27-də 335 sm), Bankədə 191 (2016-cı il noyabrın 27-də 256 sm), Araz çayının Novruzlu məntəqəsində isə 98 santimetr (2016-cı il noyabrın 27-də 238 sm) təşkil edir.