REGİONLAR
Kürdəmir və İsmayıllıda ədliyyə işçiləri peşə bayramlarını qeyd ediblər
Kürdəmir, 22 noyabr, AZƏRTAC
Kürdəmir şəhərindəki Heydər Əliyev Mərkəzində 22 noyabr - Ədliyyə işçilərinin peşə bayramı günü qeyd olunub.
AZƏRTAC xəbər verir ki, tədbirdə ədliyyə işçiləri, rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə çiçəklər düzüblər. Sonra Heydər Əliyev Mərkəzində Ulu Öndərin zəngin həyatına, ictimai-siyasi fəaliyyətinə həsr olunan foto-stendlərə və sənədlərə baxıblar.
Rayon icra hakimiyyətinin başçısı Ceyhun Cəfərov tədbirdə çıxış edərək, peşə bayramı münasibətilə ədliyyə işçilərini təbrik edib. O, eləcə də digər çıxış edənlər Azərbaycanda Ədliyyə Nazirliyinin bir struktur kimi formalaşması və inkişafında ümummilli lider Heydər Əliyevin müstəsna xidmətlərindən danışıblar. Vurğulanıb ki, Ulu Öndərin Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə həyata keçirilən mütərəqqi islahatlar bu qurumun formalaşmasında, müasirləşməsində önəmli rol oynayıb. 22 noyabr – Ədliyyə işçilərinin peşə bayramı günü də ümummilli lider Heydər Əliyevin 2000-ci il noyabrın 11-də imzaladığı Sərəncamla təsis olunub.
Qeyd edilib ki, ölkəmizin hüquq sisteminin inkişafında əvəzsiz xidmətlər göstərən Azərbaycan Ədliyyəsi Prezident İlham Əliyevin diqqət və qayğısı ilə daha da inkişaf edir.
X X X
Ədliyyə işçilərinin peşə bayramı günü İsmayıllıda da qeyd olunub.
AZƏRTAC xəbər verir ki, ədliyyə işçiləri, rayon icra hakimiyyətinin və hüquq-mühafizə orqanlarının rəhbərləri, ictimaiyyət nümayəndələri ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər.
Rayon icra hakimiyyətinin konfrans zalında keçirilən yığıncaqda icra hakimiyyətinin başçısı Mirdaməd Sadıqov ədliyyə işçilərini təbrik edib, onlara çətin və şərəfli peşələrində uğurlar arzulayıb.
Tədbirdə çıxış edən rayon məhkəməsinin hakimi Rəfail Şirinov ədliyyə orqanlarının inkişaf tarixindən, bu günündən, ümummilli lider Heydər Əliyevin ədliyyə sistemində apardığı köklü islahatların uğurlu nəticələrindən, ölkədə qanunçuluğun möhkəmləndirilməsində Prezident İlham Əliyevin həyata keçirdiyi səmərəli tədbirlərdən ətraflı danışıb.
YAP rayon təşkilatının sədri Sevil Əhmədova, rayon prokuroru Ülvi Abbasov, polis şöbəsinin rəisi Telman Ağasıyev, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rayon şöbəsinin rəisi Xamis Bədəlov və başqaları çıxış edərək, Azərbaycanda qanunçuluğun möhkəmləndirilməsində qazanılan nailiyyətlərdən söz açıblar.
Sonda fərqlənən ədliyyə işçilərinə rayon icra hakimiyyətinin fəxri fərmanları verilib.