REGİONLAR
Kürdəmirdə şəhidin adına tikilən bulaq istifadəyə verilib
Kürdəmir, 28 sentyabr, AZƏRTAC
Kürdəmir rayonunun Qarasaqqal kəndində Vətən müharibəsi şəhidi Nurlan Səyyad oğlu Dadaşovun adına inşa olunan bulaq açılıb. Bu münasibətlə keçirilən mərasimdə rayon icra hakimiyyətinin, təhsil şöbəsinin məsul işçiləri, kənd sakinləri, ictimaiyyət nümayəndələri və şəhidin yaxınları iştirak ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, mərasim iştirakçıları öncə şəhid Nurlanın bir vaxtlar təhsil aldığı Qarasaqqal kənd orta məktəbinə gəlib, sonra kənd qəbiristanlığındakı məzarını ziyarət ediblər. Ziyarətə gələnlər şəhidin qəbri üstünə çiçəklər düzüblər.
Bulağın açılışında çıxış edənlər şəhidin qısa, şərəfli həyat yolundan danışıb, Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərlıyi ilə 44 gündə erməni işğalçıları üzərində qazanılan tarixi qələbədə Nurlan və onun kimi şəhidlərimizin unudulmaz xidmətlərini qeyd ediblər.
Şəhid Nurlan Dadaşov 2001-ci il sentyabrın 27-də Kürdəmirin Qarasaqqal kəndində dünyaya göz açıb. Orta təhsilini elə doğulduğu kənddə alıb. Məktəbi bitirdikdən sonra 2019-cu ilin oktyabrında həqiqi hərbi xidmətə yollanıb. Xüsusi təyinatlı qüvvələrdə xidmət edib. 2020-ci il sentyabrın 27-də Vətən müharibəsi başlayanda Nurlan artıq bir ilin əsgəri idi. Nurlan Murovdağ, Füzuli, Xocavənd, Cəbrayıl istiqamətlərində gedən döyüşlərdə igidliklə vuruşub. Son döyüşü Cəbrayıl istiqamətində olub və oktyabrın 3-də orada da şəhidlik zirvəsinə ucalıb. Nəşi doğulduğu Qarasaqqal kəndinə gətirilərək torpağa tapşırılıb. Ölümündən sonra Prezidentin Sərəncamı ilə “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Cəsur döyüşçü” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif olunub.