REGİONLAR
Kürdəmirdə şəhidin xatirəsinə tikilən bulağın açılışı olub
Kürdəmir, 11 sentyabr, AZƏRTAC
Kürdəmirin Şahsevən kəndində şəhid Murad Bayram oğlu Yunusovun adına tikilən bulaq onun ad günündə açılıb. Yaşasaydı, Muradın 20 yaşı tamam olacaqdı...
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, açılış mərasimində iştirak edən rayon icra hakimiyyətinin, təhsil şöbəsinin işçiləri, şəhidin yaxınları və ictimaiyyət nümayəndələri öncə Murad Yunusovun təhsil aldığı rayonun Köhnəbazar kənd orta məktəbinə gəlib, daha sonra məzarını ziyarət edərək üstünə çiçəklər düzüblər.
Mərasimdə çıxış edənlər şəhidin qısa, lakin şərəfli həyat yolundan danışıblar. Qeyd olunub ki, şəhid Murad Yunusov 2001-ci ildə Kürdəmirin Şahsevən kəndində dünyaya göz açıb. O, rayonun Köhnəbazar kənd orta məktəbində oxuyub. Məktəbi bitirdikdən sonra 2019-cu ilin oktyabrında həqiqi hərbi xidmətə yollanıb. 2020-ci ilin sentyabrın 27-də Vətən müharibəsi başlayanda Murad artıq bir il idi ki, əsgəri idi. Füzulidən döyüşlərə başlayan Murad Xocavəndin, Cəbrayılın, Zəngilanın, Qubadlının azad edilməsi uğrundakı igidliklə vuruşub. Son döyüşü Şuşa istiqamətində olub və noyabrın 4-də şəhidlik zirvəsinə ucalıb. İndi o, dünyaya göz açdığı Şahsevən kənd qəbiristanlığında uyuyur.
Ölümündən sonra Prezident İlham Əliyevin Sərəncamı ilə "Vətən uğrunda", "Xocavəndin azad olunmasına görə", “Füzulinin azad olunmasına görə" və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif olunub.
Çıxışlarda Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan qələbənin tarixi əhəmiyyətindən danışılıb, Murad və onun kimi Vətən oğullarının qanının yerdə qalmadığı diqqətə çatdırılıb, şəhidlərimizin xatirəsinin daim əziz tutulacağı vurğulanıb.
Sonra xatirə bulağının açılışı olub.