REGİONLAR
Kürdəmirdə şəhidin xatirəsinə tikilən bulaq istifadəyə verilib
Kürdəmir, 9 aprel, AZƏRTAC
Kürdəmir rayonunun Karrar kəndində şəhid Elvin Rəhimovun xatirəsinə tikilən bulağın açılışı olub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, mərasim iştirakçıları əvvəlcə kənd qəbiristanlığına gələrək şəhidin qəbrini ziyarət edib, ruhuna dualar oxuyublar.
Açılış mərasimində Dövlət himni səsləndirilib, torpaqlarımızın bütövlüyü uğrunda canını fəda edən Vətən oğullarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Şəhidin müəllimi Ələsgər Bağırov çıxış edərək Elvin Rəhimovun həyat yolu barədə danışıb. Qeyd edib ki, Elvin Rəhimov 1975-ci ildə Karrar kəndində anadan olub. 1992-ci ildə orta məktəbi bitirən Elvin bir il sonra həqiqi hərbi xidmətə çağırılıb. Təlimlərdən sonra Ağdam bölgəsində xidmətini davam etdirib. 1994-cü il yanvarın 14-də şəhid olub.
Mərasimdə şagirdlər şeirlər söyləyib, bədii kompozisiya nümayiş etdirilib.
Şəhidin atası Saleh Rəhimov göstərilən diqqət və qayğıya görə ailəsi adından minnətdarlığını bildirib.