REGİONLAR
Kürdmaşı kəndindən təşəbbüs: hər gün üçrəngli bayrağımız tikilir və pulsuz olaraq sakinlərə paylanılır
İsmayıllı, 12 oktyabr, AZƏRTAC
İsmayıllının Kürdmaşı kəndində hər gün üçrəngli Azərbaycan bayrağı tikilir və pulsuz olaraq rayonda əhaliyə paylanılır.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, vətənsevərlik nümunəsi olan bu təşəbbüs kənd icra nümayəndəliyi, yerli bələdiyyə, mədəniyyət evi və “NUR” qadın qrupu tərəfindən irəli sürülüb. Bu iş üçün 4 nəfər peşəkar qadın ayrılıb və onlar üçün lazımi iş şəraiti yaradılıb, kifayət qədər material təşkil olunub. Qadınlar səylə çalışaraq hər gün 30 ədəd bayraq hazırlayırlar. Artıq 400 bayraq tikilərək rayon əhalisinə paylanılıb.
Qeyd edək ki, sentyabrın 27-dən Ermənistan ordusunun törətdiyi təxribata qarşı Azərbaycan Silahlı Qüvvələrinin uğurlu əks-hücum əməliyyatı, hər gün eşidilən xoş xəbər arxa cəbhədən vətəndaşlar tərəfindən böyük sevinclə qarşılanır. O gündən küçə və eyvanlarda, avtomobillərdə müqəddəs bayrağımız dalğalanır. Belə bir vaxtda bayrağımıza tələbat kəskin surətdə artıb. Kürdmaşılıların bu vətənpərvərlik təşəbbüsü, necə deyərlər, yerinə düşüb.