İDMAN
LƏNKƏRANLI BOKSÇULAR RESPUBLİKA BİRİNCİLİYİNDƏ UĞURLA ÇIXIŞ ETMİŞLƏR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, Bakı şəhərində yeniyetmə boksçuların yuxarı yaş qrupları arasında keçirilən Azərbaycan birinciliyində lənkəranlı idmançılar uğurla çıxış etmişlər.
250-yə yaxın yeniyetmə bokçunun qatıldığı birincilikdə Lənkəran boks məktəbinin yetirmələri İlkin Ağayev 50 kiloqram, Elnur Əliyev 54 kiloqram, İsmət Eynullayev 57 kiloqram və Murad Ağamalıyev 63 kiloqram çəki dərəcələrində bütün görüşəri qələbə ilə başa vuraraq fəxri kürsünün ən yüksək pilləsinə qalxmışlar.
Daha bir lənkəranlı idmançı – Elvin Səfərov 48 kiloqram çəki dərəcəsində üçüncü yeri tutmuşdur.
Yarışlarda qalib adını qazanan idmançılar Heydər Əliyevin doğum günü ərəfəsində keçiriləcək IV Beynəlxalq boks turnirində Bakı və iyun ayında Avropa birinciliyində (Tirana) iştirak etmək hüququ qazanmışlar.
Qaliblərə Gənclər və İdman Nazirliyinin diplomları və qiymətli hədiyyələri təqdim edilmişdir.