SİYASƏT


LDP-nin siyasi şöbəsinin müdiri Akira Amari: Bundan sonra da Yaponiya-Azərbaycan əlaqələrinin inkişafına çalışacağam VİDEO

Akira Amariyə “Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının 100 illiyi (1919-2019)” yubiley medalı təqdim olunub

Tokio, 21 noyabr, AZƏRTAC

Bundan sonra da Yaponiya-Azərbaycan əlaqələrinin inkişafına çalışacağam.

AZƏRTAC xəbər verir ki, bu sözləri Yaponiyanın hakim Liberal Demokratik Partiyasının siyasi şöbəsinin müdiri, parlamentin nümayəndələr palatasının üzvü, Azərbaycan-Yaponiya parlamentlərarası işçi qrupunun həmsədri Akira Amari Azərbaycan ilə Yaponiya arasında iqtisadi əməkdaşlıq üzrə dövlət komissiyasının və Yaponiya-Azərbaycan İqtisadi Komitəsinin 10-cu birgə iclasında iştirak etmək üçün bu gündoğar ölkəyə səfərə gəlmiş Azərbaycan nümayəndə heyəti ilə görüşündə deyib.

Əvvəlcə Nümayəndə heyətinin rəhbəri, komissiyanın həmsədri, Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev dost ölkələrimiz arasında münasibətlərin inkişafından məmnun olduğunu bildirib. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin və Prezident İlham Əliyevin Yaponiyaya rəsmi səfərlərinin iki ölkə arasında münasibətlərin inkişafında müstəsna rolunu qeyd edib.

Akira Amarinin ikitərəfli əlaqələrin inkişafındakı xüsusi xidmətlərini vurğulayan M.Babayev iki ölkə arasında bərabər səviyyəli münasibətlərin inkişafına görə Yaponiya tərəfinə minnətdarlığını ifadə edib. Nazir enerji sahəsi ilə yanaşı, qeyri-enerji sektorunda əməkdaşlığın genişləndirilməsi üçün Azərbaycanda yaradılmış münbit şəraitdən bəhs edib. Həmin istiqamətdə əməkdaşlığın inkişaf etdirilməsinin zəruriliyini vurğulayıb.

Görüşdə çıxış edən Azərbaycan Xarici İşlər nazirinin müavini Ramiz Həsənov Akira Amarinin iki dost ölkə arasında əməkdaşlığın inkişafı sahəsində göstərdiyi xidmətlərə görə onun “Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının 100 illiyi (1919-2019)” yubiley medalı ilə mükafatlandırıldığını bildirib, həmin mükafatı yapon siyasətçiyə təqdim edib.

Azərbaycanın Xarici İşlər naziri tərəfindən yüksək mükafata layiq görülməsinin onda böyük təəssürat yaratdığını vurğulayan A.Amari əməyinə verilən bu qiymətə görə minnətdarlığını ifadə edib. Tarixə ekskurs edərək 1998-ci ildə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Yaponiyaya tarixi səfəri zamanı səslənən təkliflər əsasında Azərbaycan-Yaponiya parlamentlərarası işçi qrupunun yaradıldığını xatırladaraq, ötən dövrdə bu qrup tərəfindən hər iki ölkə üçün faydalı olmuş mühüm işlərin görüldüyünü qeyd edib. Bildirib ki, bundan sonra da iki dost ölkə arasında həm siyasi, həm iqtisadi, həm də mədəni sahələrdə əlaqələrin inkişafı üçün səylərini əsirgəməyəcək.

Görüşdə Azərbaycanın Yaponiyadakı müvəqqəti işlər vəkili Fərid Talıbov və Xarici İşlər Nazirliyinin kadrlar idarəsinin rəisi Gürsel İsmayılzadə də iştirak ediblər.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.