İQTİSADİYYAT
Laborator müayinələr yumurtanın keyfiyyətli olduğunu təsdiqləyib
Bakı, 16 fevral, AZƏRTAC
Bakı şəhər sakinindən İqtisadiyyat Nazirliyinə mağazadan aldığı və yerli istehsal olan yumurtanın qaynadılarkən plastmasabənzər maddənin yarandığı barədə müraciət daxil olub.
İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, bununla bağlı nazirliyin İstehlak Mallarının Ekspertizası Mərkəzi tərəfindən yumurtanın alındığı mağazadan nümunələr və nazirliyə müraciət etmiş istehlakçının qaynadılarkən plastmasabənzər maddənin yarandığını bildirdiyi yumurtaların qalan hissəsi götürülərək laborator müayinəsi aparılıb.
Laborator müayinələr nəticəsində yumurtaların keyfiyyətində heç bir nöqsan aşkarlanmayıb, keyfiyyət və təhlükəsizlik göstəricilərinin normalara tam uyğun olduğu müəyyən edilib. Qaynadılarkən yarandığı iddia edilən plasmasabənzər maddənin isə yumurtaya heç bir aidiyyəti yoxdur.
Qeyd edək ki, ötən illərdə də vətəndaş müraciətləri və monitorinqlər əsasında istehlak bazarından götürülmüş nümunələr üzrə aparılmış laborator müayinələr zamanı da yumurtanın keyfiyyəti ilə bağlı heç bir nöqsan aşkarlanmayıb.