REGİONLAR


Laçınlılar doğma rayonlarının işğaldan azad olmasını böyük coşqu ilə qeyd edirlər VİDEO

Ağcabədi, 1 dekabr, Tahir Ağaməmmədov, AZƏRTAC

Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistanın baş nazirinin noyabrın 10-da imzaladığı birgə bəyanata uyğun olaraq Laçın rayonu Ermənistan ordusu tərəfindən tam boşaldılıb və Azərbaycan ordu hissələri əraziyə daxil olub. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Laçın rayonunun işğaldan azad olunması münasibətilə Azərbaycan xalqını təbrik edib. Bu tarixi hadisə xalqımız tərəfindən böyük sevinc hissi ilə qeyd edilir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, doğma rayonlarının 28 ildən sonra işğaldan azad edilməsinə sevinən Laçın rayon sakinləri şanlı qələbə sevincini yaşayıblar. Ağcabədi rayonunun Taxtakörpü ərazisində məskunlaşan laçınlılar bir-birini təbrik edib, doğma yurdlarının işğaldan azad olmasını bayram ediblər. Hər tərəfi “Qarabağ Azərbaycandır”, “Yaşasın Ali Baş Komandan!”, “Biz Laçına qayıdırıq”, “Yaşasın Azərbaycan Ordusu” kimi şüarlar bürüyüb.

Avtomobil karvanı, əllərində bayraqlar tutmuş atlılar, piyadalar Taxtakörpü qəsəbəsində yürüş ediblər. Qəsəbədəki Heydər Əliyev adına meydanda bayram tədbirində konsert proqramı təşkil edilib. Tədbir iştirakçıları ulu öndər Heydər Əliyevin büstünü, "Şəhidlər" abidə kompleksini ziyarət edərək, önünə tər çiçəklər düzüblər. Bayram tədbirində şən və vətənpərvərlik mahnıları səsləndirilib. Havaya rəngbərəng şarlar buraxılıb.

Laçınlılar sevinclərini AZƏRTAC-a bölüşüblər.

Şamo Qasımov: "Bu günü illərdir gözləyirik. Odur ki, sevincimizin həddi-hüdudu yoxdur. Bu sevinci bizə Müzəffər Ali Baş Komandanımız, ordumuz yaşadır. Prezident İlham Əliyevə, Azərbaycan Ordusuna minnətdarlığımı bildirirəm. Torpaqlarımızın işğaldan azad olunmasına hər zaman böyük inamım olub. İşğal altında olan torpaqlarımız Prezidentimizin qətiyyətli siyasəti, xalqımızın Prezidentin ətrafında sıx birləşməsi, dövlətimizin iqtisadi gücü və ordumuzun gücü sayəsində azad olundu. Yaşasın Azərbaycan".

Şair Koroğlu Sönməz: "Xalqımızın gözü aydın olsun. Prezidentimizə cansağlığı diləyirəm. Ordumuz var olsun. Bir şair kimi bir bənd demək istəyirəm.

Qaragöl gözüdür, Çalbayır qaşı

Qoçaz qayası ilə ölçülür yaşı.

Çox böyük əsərdir hər xırda daşı

Tarixi qədimdir, uludur Laçın

Atamın, babamın yurdudur Laçın.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.