SİYASƏT
Le Point: Azərbaycan əsgərinin dəfnində ağrı və qürur birlikdə
Paris, 17 oktyabr, AZƏRTAC
Quzanlıda 1990-cı ildən məcburi köçkün ailələrinin yaşadığı taxta evlər minaatanlar və raket atəşləri ilə dağıdılıb.
Həlak olan əsgərlərin ailə üzvlərində ağrı ilə qürur hissi bir-birinə qarışıb. Atəş səslərinə baxmayaraq son döyüşlərdə şəhid olan gənc əsgərlərin ailə üzvləri onların qəbirlərini hər gün ziyarət edirlər.
AZƏRTAC xəbər verir ki, bu fikirlər Fransanın “Le Point” portalında “Azərbaycan əsgərinin dəfnində ağrı və qürur birlikdə” adlı məqalədə yazılıb.
Məqalədə münaqişədə həlak olan Azərbaycan əsgərinin dəfn mərasimindən yazılıb. Ailə üzvlərinin və yaxınlarının fikirləri səsləndirilib. Torpaqların azadlığı uğrunda şəhid olmağın hər bir azərbaycanlı üçün qürur mənbəyi olduğu vurğulanıb.
Şəhid olan 29 yaşlı əsgərin anası Aybəniz Həsənova oğlunun öz istəyi ilə Vətən torpaqlarını azad etməyə getdiyini deyərək, onun həmişə torpaqlarımızın azadlığını düşündüyünü deyib.
Əsgər itkisi kimi ağır dərdlərinə baxmayaraq, ailə üzvlərinin qəm-qüssə ilə bərabər torpaqların azad olunmasından qürur hissi duyduqları diqqətə çatdırılıb.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Paris