REGİONLAR
Lənkəran Dövlət Dram Teatrı Yeni il qabağı uşaqların görüşünə nağıl-tamaşa ilə gəlib
Lənkəran, 25 dekabr, Bağır Əliyev, AZƏRTAC
Hər il olduğu kimi, bu il də Lənkəran Dövlət Dram Teatrının yaradıcı kollektivi Yeni il bayramı günlərində balacaları maraqlı və əyləncəli tamaşa ilə sevindirib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, teatrın aktyorları uşaqların görüşünə bu dəfə yazıçı-publisist Ağaddin Babayevin “Yeni il möcüzəsi” adlı nağıl-tamaşa ilə gəliblər.
Tamaşada hadisələr bir əyalət şəhərində baş verir. Balaca Mələksima evdə təklikdən darıxaraq “Nağıllar” kitabının vərəqlərini cırıb yerə səpməyə qərar verir. Bu zaman əsl möcüzə yaşanır. Kitabda haqqında söhbət gedən nağıl qəhrəmanları canlanaraq Mələksimanın qarşısında peyda olurlar. Küpəgirən qarı, Div kimi mənfi personajlarla bir araya gələn Məlikməmməd, Göyçək Fatimə ağıllı məsləhətləri, öyüd-nəsihətləri ilə dəcəl Mələksimanın xasiyyətini, davranışını tamamilə dəyişə bilirlər. O, tamaşadakı personajlarla dost olur, kitabların vərəqlərini yerinə düzməklə onların yenidən öz nağıl dünyasına qovuşmalarına kömək edir.
Sonda uzun yol qət edən Şaxta baba da öz sevimli Qar qızına qovuşur. Bütün personajlar Yeni ilin sevincini birlikdə bölüşürlər.
Tamaşanın quruluşçu-rejissoru Tərlan Abdullayev, quruluşçu-rəssamı Tərlan Sadıqov, musiqi tərtibatçısı Fərahim Fərəcovdur. Rolları aktyorlar Əlibala Əsgərov, Miraslan Ağayev, Günel Abbaszadə, Emin Fərzullayev, Rauf Zeynalov, Aysel Cahangirova, Ülkər Quliyeva və Məleykə Cəfərova ifa edirlər.
Yeni il tamaşası hər gün bir neçə seansda nümayiş olunur.