REGİONLAR
Lənkəranda COVID-19 infeksiyasına qarşı mübarizə tədbirləri gücləndirilib
Lənkəran, 17 oktyabr, Bağır Əliyev, AZƏRTAC
Payız fəslinin gəlişi ilə əlaqədar havaların tez-tez dəyişməsi müxtəlif xəstəliklərlə yanaşı, yeni koronavirus infeksiyasının da yenidən baş qaldırmasına rəvac verib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bəzi xəstələrdə virusa yoluxmanın simptomlarına rast gəldiyindən Lənkəran rayonunun iki kəndində sərt karantin rejimi elan olunaraq sosial fəallığa məhdudiyyət qoyulub. Nazirlər Kabinetinin müvafiq Qərarına əsasən, operativ və xüsusi təyinatlı nəqliyyat vasitələrinin, habelə yükdaşıyan avtomobillərin hərəkəti istisna olmaqla, Lənkəran rayonunun Şağlaküçə və Şıxəkəran kəndlərinə 15 oktyabr saat 00:00-dan giriş-çıxış dayandırılıb.
Yeni koronavirus (COVID-19) pandemiyasına qarşı mübarizə məqsədilə Lənkəranda profilaktiki tədbirlər gücləndirilib. Şəhər icra hakimiyyətində yaradılmış mobil qruplar tərəfindən şəhərdə, kənd və qəsəbələrdə, insanların sıx olduğu yerlərdə əhali ilə maarifləndirmə söhbətlər aparılır və epidemiyadan qorunmaq üçün tətbiq olunan karantin qaydaları, özünütəcridin, tibbi maska və digər tibbi mühafizə vasitələrindən müntəzəm istifadənin əhəmiyyəti onlara ətraflı izah olunur.
Mobil qrupun üzvləri, həmçinin avtobus dayanacaqlarında, ictimai nəqliyyatda, marketlərdə, mərkəzi bazarda, hərəkətin sıx olduğu yerlərdə reydlər keçirərək vətəndaşların özünüqoruma qaydalarına əməletmə vəziyyətini yoxlayır, qaydalara riayət etməyən şəxslərlə ciddi izahat işi aparırlar.