REGİONLAR
Lənkəranda “Cənub bölgəsinin mətbəx mədəniyyəti” festivalı keçirilib
Lənkəran, 15 oktyabr, Bağır Əliyev, AZƏRTAC
Oktyabrın 15-də Lənkəran şəhərində Lənkəran Şəhər İcra Hakimiyyəti, Azərbaycan Milli Kulinariya Mərkəzi, Lənkəran Regional Mədəniyyət İdarəsi və Lənkəran Turizm İnformasiya Mərkəzinin birgə təşkilatçılığı ilə “Azərbaycanın Cənub bölgəsinin mətbəx mədəniyyəti” festivalı və Respublika elmi-praktik konfransı keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla anıb, Şəhidlər xiyabanını ziyarət ediblər.
Festivalda iştirakçılar “Lənkəran mətbəxi uşaqların gözü ilə” rəsm sərgisi ilə tanış olublar.
Cənub bölgəsinin mətbəx mədəniyyəti festivalının açılış mərasimində Azərbaycan Milli Kulinariya Mərkəzinin baş direktoru Tahir Əmiraslanov, Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının müavini Mikayıl Cəfərzadə, Mədəniyyət Nazirliyinin strateji inkişaf və layihələrin idarə olunması şöbəsinin əməkdaşı Nicat Şərifov, Lənkəran Regional Mədəniyyət İdarəsinin rəisi Şahin Şahbazov, Lənkəran Dövlət Universiteti rektorunun müşaviri Mikayıl Məhərrəmov və Lənkəran Regional Turizm İdarəsinin rəisi İlqar Əzimov çıxış ediblər.
Sonra elmi-praktik konfrans keçirilib, məruzələr dinlənilib.
Konfransda oxunan elmi məruzələr kitab şəklində çap ediləcək.