REGİONLAR
Lənkəranda “Məişət zorakılığı qurbanları ilə sosial iş” mövzusunda tədbir keçirilib VİDEO
Lənkəran, 24 avqust, İ.Cəfərli, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən Lənkəranda “Məişət zorakılığı qurbanları ilə sosial iş” mövzusunda tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, Heydər Əliyev Mərkəzində təşkil edilən görüşdə Sosial Xidmətlər Agentliyinin Sosial müəssisələrlə iş departamentinin müdir müavini Sara Ağayeva, Ombudsmanın Cənub Regional Mərkəzinin rəhbəri Ziya İsmayılov, "Azərbaycan Uşaqları" İctimai Birliyinin sədri Kəmalə Ağazadə və digər qurumların və təşkilatların nümayəndələri iştirak ediblər.
Prezident İlham Əliyevin 2020-ci il 27 noyabr tarixli Sərəncamı ilə təsdiq edilən “Azərbaycan Respublikasında məişət zorakılığı ilə mübarizəyə dair 2020-2023-cü illər üçün Milli Fəaliyyət Planı”nın əhəmiyyətinə diqqət çəkən S.Ağayeva çıxışında bildirib ki, bu fəaliyyət planına uyğun olaraq Əmək və Əhalin Sosial Müdafiəsi Nazirliyi tərəfindən tədbirlər davam etdirilir. Ötən il Nazirliyin tabeliyində Sosial Xidmətlər Agentliyinin müvafiq müəssisəsində “Məişət zorakılığından zərər çəkmiş şəxslərin sosial reabilitasiyası” şöbəsi fəaliyyətə başlayıb. Şöbənin yaradılma məqsədi bu kateqoriyadan olan şəxslərin müasir standartlara uyğun yardım xidmətləri ilə təmin olunması və məişət zorakılığı probleminin, onun doğurduğu nəticələrin aradan qaldırılmasının uzunmüddətli həllinə nail olmaqdır. Şöbədə 30 nəfərin yaşaması üçün şərait yaradılıb.
Bildirilib ki, məişət zorakılığından zərər çəkmiş şəxslərə qeyri-dövlət yardım mərkəzlərinin akkreditasiyası Agentlik tərəfindən həyata keçirilir. Müxtəlif dövlət qurumlarının nümayəndələrindən ibarət Akkreditasiya Komissiyası tərəfindən akkreditasiya olunmuş 8 qeyri-dövlət yardım mərkəzi hazırda bu sahədə fəaliyyətini davam etdirir.
Vurğulanıb ki, Agentliyin “Qayğı” Çağrı Mərkəzinin (116 123) bir istiqaməti də məhz məişət zorakılığı ilə üzləşən şəxslərin müraciəti üçün nəzərdə tutulub.
Sonra Agentliyin filialları tərəfindən göstərilən preventiv tədbirlər haqqında məlumat verilib, sığınacağa yerləşdirilmə proseduru izah edilib.
Çıxışlarda məişət zorakılığı ilə bağlı əhalinin mütəmadi maarifləndirilməsinin zəruriliyinə diqqət çəkilib. Qeyd olunub ki, məişət zorakılığı ilə mübarizəyə dair maarifləndirmə işinin gücləndirilməsi ilə yanaşı, bu sahədə fəaliyyət göstərən qurumlarla əməkdaşlığın artırılmasına xüsusi önəm verilməlidir.