REGİONLAR
Lənkəranda “Milli-mənəvi dəyərlərimizin qorunmasında Heydər Əliyevin rolu” adlı videokonfrans keçirilib
Lənkəran, 9 may, Bağır Əliyev, AZƏRTAC
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran bölgəsi üzrə şöbəsi və Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Lənkəran bölgəsi üzrə qazısının birgə təşkilatçılığı ilə ulu öndər Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş “Milli-mənəvi dəyərlərimizin qorunmasında Heydər Əliyevin rolu” mövzusunda videokonfrans keçirilib.
Videokonfransda DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin müdiri Qağayı Məmmədov, QMİ-nin Lənkəran bölgəsi üzrə qazısı Qəni Axundzadə, dini icma sədrləri və din xadimləri iştirak ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, videokonfransda çıxışlar zamanı qeyd olunub ki, Azərbaycan xalqının çoxəsrlik adət-ənənələrinin, milli-mənəvi dəyərlərinin qorunub saxlanılmasında və tolerantlıq ənənələrinin möhkəmləndirilməsində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin müstəsna xidmətləri var.
Ulu öndər Heydər Əliyev yenidən hakimiyyətə qayıtdıqdan sonra bütün sahələrdə olduğu kimi, ölkəmizdə dini etiqad azadlığının təmin olunması, dövlət-din münasibətlərinin tənzimlənməsi, dini dözümlülük ənənələrinin möhkəmləndirilməsi, milli-mənəvi dəyərlərimizin qorunması və dini abidələrimizin bərpası istiqamətində sistemli, ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirildi.
Azərbaycan öz dövlət müstəqilliyini qazandıqdan sonra din sahəsində yeni bir mərhələ başladı. Dinlərin ölkədə sərbəst yayılması, dini icmaların fəaliyyətinə, dini ayinlərin icrasına, dini ədəbiyyatın nəşrinə və yayılmasına qoyulmuş qadağalar aradan götürüldü. Uzun illər bağlı qalan ibadət ocaqları fəaliyyətini bərpa etdi, yeni məscid, kilsə və sinaqoqlar inşa olundu.
Diqqətə çatdırılıb ki, ölkəmizdə dövlət-din münasibətləri sahəsində Ulu Öndər tərəfindən görülən işlər bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Azərbaycan müsəlman ölkəsi olaraq İslam dəyərlərinə və mədəniyyətinə sadiqliyini qorumaqla yanaşı, həm də Qərbin müasir nailiyyətlərindən bəhrələnir. Bu gün ölkəmiz bir çox istiqamətlərdə olduğu kimi, bu sahədə də nümunəvi müsəlman ölkəsi sayılır. Qarşıda duran əsas məqsədlərdən biri bu ənənəni yaşatmaq və gələcək nəsillərə çatdırmaqdır.