REGİONLAR
Lənkəranlı qadınlar rayonun ictimai-siyasi və mədəni həyatında fəal iştirak edirlər
Lənkəran, 8 mart, Bağır Əliyev, AZƏRTAC
Lənkəran şəhərində 8 Mart - Beynəlxalq Qadınlar Gününə həsr olunmuş bayram şənliyi keçirilib.
Lənkəran Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən mərasimdə rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbər işçiləri, qadın təşkilatlarının təmsilçiləri və ictimaiyyətin nümayəndələri iştirak ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, ümumrayon tədbirində çıxış edən Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov qadınları əlamətdar bayram münasibətilə təbrik edərək ölkəmizdə qadınların ictimai-siyasi həyatda fəal mövqe tutduqlarını, ümummilli lider Heydər Əliyevin diqqət və qayğısı ilə başlamış qadın hərəkatının Prezident İlham Əliyevin səyi ilə daha da geniş vüsət aldığını bildirib.
T.Qaraşov çıxışında Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın şəxsi nümunəsində qadınların ölkənin inkişafında rolunun daha da artdığını diqqətə çatdıraraq rayon qadınlarına bayram münasibətilə ən xoş arzularını çatdırıb.
Qeyd olunub ki, lənkəranlı qadınlar rayonun ictimai-siyasi və mədəni həyatında fəal iştirak edirlər.
Tədbirdə rayonun ictimai-siyasi həyatında fərqlənən qadınların bir qrupuna icra hakimiyyətinin fəxri fərmanları təqdim olunub.
Bayram tədbiri bədii özfəaliyyət kollektivləri və uşaq musiqi məktəbləri şagirdlərinin ifasında konsert proqramı ilə davam edib.