DÜNYA
Liviyada prezidentliyə namizədlərin qeydiyyatı seçki komissiyası və məhkəmələr arasında ixtilaf yaradıb
Qahirə, 3 dekabr, AZƏRTAC
Dekabrın 24-də Liviyada keçiriləcək prezident seçkiləri ərəfəsində namizədlərin qeydə alınması bu ölkənin seçki komissiyası və məhkəmələri arasında ixtilaf yaradıb.
AZƏRTAC xəbər verir ki, Liviyanın cənub məhkəməsi 3 gün əvvəl namizədliyi rədd edilmiş Seyf əl-İslam Qəddafinin qeydə alınması haqqında qətnamə çıxarıb. Seçki komissiyasının onun “keçmişdə ağır cinayətlər törətməsi və İnterpol tərəfindən axtarışda olması” səbəbindən prezidentliyə namizəd ola bilməyəcəyi ilə bağlı qərarı ləğv edilib. Artıq Liviyanın keçmiş lideri Muəmmar Qəddafinin oğlu qarşıdakı seçkilərdə prezidentlik postu uğrunda mübarizə apara biləcək.
Liviya məhkəməsinin digər qərarı ilə hazırda ölkənin keçici hökumətinin başçısı olan Əbdülhəmid Dbeibahın da namizədliyi təsdiq edilib. Seçki komissiyası onun seçki məcəlləsinin şərtlərini pozduğunu, vəzifəsindən istefa vermədiyini əsas gətirərək sənədlərini qeydə almamışdı.
Bundan başqa, Liviyanın Zaviyə şəhər məhkəməsi ölkənin cənub bölgəsindəki qoşunların komandanı general Xəlifə Haftarın prezidentliyə namizədliyini ləğv edib. Benqazi Seçki Komissiyası tərəfindən qeydə alınmış və böyük gücə malik generalın namizədliyi onun ordu sıralarından gec istefa verməsi ilə əlaqədar rədd olunub. Məhkəmənin qərarında yazılıb ki, general Haftar 3 ay əvvəl silahlı qüvvələrdəki vəzifəsini tərk etməli idi.
Bütün bu ixtilafların fonunda ABŞ-ın Liviyadakı səfiri Riçard Norland qarşıdakı seçkilərdə tərəflər arasında qarşıdurma ehtimalı ilə bağlı narahatlığını ifadə edib. O, bütün keçmiş siyasi və hərbi münaqişə tərəflərini seçki qanunlarına hörmət etməyə çağırıb.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə