DÜNYA
Los-Anceles yaxınlığındakı milli parkda meşə yanğınları tüğyan edir
Bakı, 22 sentyabr, AZƏRTAC
ABŞ-ın Los-Anceles şəhəri (Kaliforniya ştatı) yaxınlığındakı milli parkda meşə yanğınlarının sahəsi 426,3 kvadratkilometrə çatıb. Yanğınsöndürənlər 16 gün əvvəl başlayan yanğını hələ də nəzarət altına ala bilməyiblər.
AZƏRTAC Sinxua agentliyinə istinadla xəbər verir ki, təbii fəlakətlə mübarizəyə 1700-dən çox yanğınsöndürən cəlb olunub. Alov ərazidəki evlər üçün ciddi təhlükə yaratdığından bir neçə yaşayış məntəqəsinin sakinləri təxliyə edilib.
Sentyabrın 6-da başlayan yanğın rekord istilər fonunda sürətlə yayılır. Son iki gündə yanğının sahəsi 8 kvadratkilometr artıb. Bu, Los-Anceles regionu tarixində ən böyük təbiət yanğınlarından biri hesab olunur.
Xatırladaq ki, hazırda Kaliforniya ştatında ən azı 27 irimiqyaslı yanğın tüğyan edir. Nəticədə 26 nəfər həlak olub, 6400 bina yanıb. Təbiət kataklizmi ilə müxtəlif ölkələrdən olan 19 minə yaxın yanğınsöndürən mübarizə aparır.