İQTİSADİYYAT
Lütvi Əlvan: Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin Türkiyə hissəsində işlərin 83 faizi tamamlanıb
Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi çərçivəsində Türkiyə sərhədləri daxilində 700 milyon dollarlıq sərmayə ilə 79 kilometrlik yeni dəmir yolunun inşası nəzərdə tutulmuşdu ki, hazırda onun 83 faizi tamamlanıb.
AZƏRTAC xəbər verir ki, bu barədə oktyabrın 16-da Bakıda keçirilən “Bakı-Tbilisi-Qars dəmir yolu xətti - Tarixi İpək Yolunun inkişafında yeni imkanlar” adlı beynəlxalq konfransdakı çıxışında Türkiyənin nəqliyyat, dənizçilik və kommunikasiya naziri Lütfi Əlvan məlumat verib.
Türkiyəli nazir qeyd edib ki, bu dəmir yolu Orta Asiyanın Xəzər üzərindən Türkiyəyə bağlanmasını, Avropa-Orta Asiya arasında daha qısa, daha təhlükəsiz və ətraf mühitə daha həssas bir yol üzərindən daşımaları təmin edilmiş olacaq. Eyni zamanda, mövcud Şərq-Qərb marşrutlarına alternativ yeni bir xətt formalaşacaq. “Layihə daha geniş coğrafiyada regional iqtisadi inkişafa təkan verəcək. Sadəcə iqtisadi və ticari əlaqələrin deyil, eyni zamanda, mədəni əlaqələrin inkişafına yol açacaq. Beləliklə də bir-birinə iqtisadi və mədəni mənada bağlanan coğrafiyaya sabitlik və sülh gətirəcək”, - deyə türkiyəli nazir qeyd edib.