DÜNYA
MALAYZİYAYA VİZANI İNTERNET VASİTƏSİLƏ RƏSMİLƏŞDİRMƏK OLAR
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, Malayziya hökuməti 2006-cı ilin fevralından ölkəyə gəlmək üçün vizaların alınması qaydalarını sadələşdirəcəkdir. Bunun üçün dünyanın hansı yerində olmasından asılı olmayaraq, hər bir şəxsin internetdə yerləşdirilmiş anketi doldurub, göstərilən ünvana göndərməsi kifayətdir. Məsələ müsbət həll olunarsa, “on-layn” rejimində konsul rüsumunu ödəmək, daha sonra isə vizanın alınmasını təsdiqləyən sənədi çap etmək lazımdır. Pasport nəzarəti və immiqrasiya xidməti əməkdaşları artıq Malayziya ərazisinə gələn turistin pasportunda bu sənəd əsasında müvafiq qeydlər edəcəklər.
Belə sadələşdirilmiş qayda bir gün vaxt aparacaqdır ki, bu da vizanın alınması üçün həm vaxta, həm də pula xeyli qənaət etmək deməkdir. Yeni qaydalar təkcə turistlərə deyil, həm də öz müştərilərinin mənafelərini gözləyən turizm agentliklərinə şamil ediləcəkdir.
İndi İsrail hökuməti də vizanın internetlə rəsmiləşdirilməsi mexanizmini hazırlayır. Bu dövlət artıq yanvar ayından bir il çəkəcək müvafiq eksperimentə başlamağı planlaşdırır. Bu məqsədlə müvafiq kompüter sisteminin hazırlanması başa çatmaq üzrədir.