İQTİSADİYYAT
MOSKVADA MDB İQTİSADİ ŞURASININ 15-Cİ İCLASI KEÇİRİLMİŞDİR
Martın 14-də Moskvada MDB İqtisadi Şurasının 15-ci iclasında Dövlət Başçıları Şurasının müzakirəsinə verilməsi nəzərdə tutulan bir sıra məsələlərə baxılmışdır.
İclasda ölkəmizi Azərbaycanın Rusiyadakı səfiri Ramiz Rizayev, habelə Nazirlər Kabinetinin regionlararası iqtisadi əlaqələr şöbəsi müdirinin vəzifəsini icra edən Kamal İsmayılzadə təmsil etmişlər.
İclasda 14 məsələyə baxılmışdır. Onların arasında subsidiyalar verilməsi prinsiplərinə dair protokolun və azad ticarət zonası yaradılması haqqında saziş çərçivəsində kompensasiya tədbirlərinin tətbiqi layihəsi, atom enerjisindən dinc məqsədlərlə istifadə sahəsində MDB dövlətlərinin informasiya ehtiyatlarının formalaşdırılmasında və mübadiləsində əməkdaşlıq haqqında sazişin layihəsi, ekoloji monitorinq sahəsində əməkdaşlıq haqqında sazişə dəyişikliklər edilməsinə dair protokolun layihəsi, MDB-nin üzvü olan dövlətlərin qiymətli kağızlarının tənzimlənməsi üzrə Dövlət Orqanları Rəhbərləri Şurasının yaradılması haqqında Hökumət Başçıları Şurası qərarının layihəsi və təşkilat xarakterli digər məsələlər vardı. İqtisadi Şuranın əvvəlki iclasında qəbul olunmuş qərarların yerinə yetirilməsinin gedişi barədə məlumat da dinlənilmişdir.
Çıxışlarda bildirilmişdir ki, Müstəqil Dövlətlər Birliyi ölkələrinin dünyada hamılıqla qəbul olunmuş norma və prinsiplərə əsaslanan sıx və səmərəli əməkdaşlığı iqtisadi, sosial və humanitar problemlərin həllində yeni imkanlar açır. Regional və iqtisadi birlik olaraq, MDB-nin potensialı, ümumən, böyükdür və iştirakçılar səmərəli iqtisadi əməkdaşlığın zəruriliyi barədə Birlik dövlətləri başçılarının 2002-ci il oktyabrın 7-də Kişinyovda ifadə etdikləri fikri dəstəkləyirlər.
Şuranın növbəti iclasını aprelin 25-də Moskvada keçirmək nəzərdə tutulur.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva