REGİONLAR
MUXTAR RESPUBLİKADA ARIÇILIQ İNKİŞAF ETDİRİLİR
AZƏRTAC xəbər verir ki, əvvəlki illərdə olduğu kimi, 2007-ci ildə də Naxçıvan Muxtar Respublikasında arıçılığın inkişaf etdirilməsi məqsədilə tədbirlər görülmüşdür.
Sahibkarlığa Kömək Milli Fondundan 17 sahibkara 50 min manat məbləğində maliyyə dəstəyi göstərilmişdir. Yaradılan şərait, göstərilən dövlət qayğısının nəticəsidir ki, muxtar respublikada arı ailələrinin sayı 23 min 860-a çatdırılmış, ötən il 334 ton təbii bal istehsal olunmuşdur.
Həyata keçirilən tədbirlərin davamı olaraq Naxçıvan şəhərində Türkiyə və Yunanıstan istehsalı olan avadanlıqla təchiz edilmiş bal süzülməsi və paketlənməsi sexi yaradılmışdır. Hazırda Naxçıvan və Şahbuz şəhərlərində sutkada 1250 kiloqram bal süzmək imkanına malik “Qızıl pətək” sexləri fəaliyyət göstərir.