DÜNYA
Madriddə IV İbero-Amerika Konqresi keçiriləcək
Madrid, 17 may, AZƏRTAC
Mayın 17-18-də Madriddə “Transformasiya və sosial qarşılıqlı fəaliyyət: Planet üçün ən yaxşı şirkətlər” mövzusunda IV İbero-Amerika Konqresi (CEAPI) keçiriləcək.
AZƏRTAC xəbər verir ki, Latın Amerikası və Karib hövzəsi regionu COVID-19 pandemiyası ilə bağlı iqtisadi böhranı aradan qaldırmaq niyyətindədir. IV İbero-Amerika Konqresində bu məsələlərin həlli yolları nəzərdən keçiriləcək.
Konqresin açılış mərasimini İspaniya hökumətinin sədri Pedro Sançes, bağlanış mərasimini isə Kral VI Filip idarə edəcək. Regionun aparıcı şirkətlərinin liderləri Latın Amerikasının kəskin ehtiyac duyduğu müsbət dəyişikliklərin yayıcıları qismində biznes dairələrinin sosial rolunu müzakirə edəcəklər. Region iqtisadiyyatının əksər sahələrində məhsuldarlığın aşağı səviyyədə və qeyri-formallığın yüksək səviyyədə olmasına qarşı mübarizə üçün rəqəmsal transformasiyanın sürətləndirilməsi məsələləri araşdırılacaq.
İbero-Amerika Baş Katibliyinin rəhbəri Rebeka Qrinspanın sözlərinə görə, pandemiya bütün dünyanı bürüyüb, koronavirusdan ölüm hallarının 30 faizi isə dünya əhalisinin cəmi 8 faizinin yaşadığı Latın Amerikası və Karib hövzəsi ölkələrində qeydə alınıb. Bu region daha bir onilliyin itirilməsinə imkan verməməlidir.
Dünyada bioloji müxtəlifliyin 50 faizi və içməli su ehtiyatlarının 33 faizi Latın Amerikası və Karib hövzəsi ölkələrində cəmləşib. Bu resurslar kənd təsərrüfatının davamlı inkişafı, habelə təmiz və bərpaolunan enerjidən istifadə rejiminə keçməyi tələb edən yaşıl iqtisadiyyat üçün vacibdir.
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Madrid