ELM VƏ TƏHSİL
Magistraturaların boş qalan plan yerlərinə müsabiqənin nəticələri elan olunub
Bakı, 15 avqust, AZƏRTAC
Ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarının boş qalan plan yerlərinə müsabiqənin nəticələri avqustun 15-də saat 15:00-dan etibarən Dövlət İmtahan Mərkəzinin (DİM) internet saytında yerləşdirilib.
DİM-dən AZƏRTAC-a bildiriblər ki, bakalavrlar qəbulun nəticələrini iş nömrələrini 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.
Qəbul olan bakalavrların siyahısı, müsabiqə nəticəsində formalaşmış keçid balları avqustun 16-da “Magistr” jurnalının 7-ci nömrəsində dərc olunacaq.
Magistraturanın boş qalan 2049 plan yerinin müsabiqəsində iştirak etmək üçün 1429 bakalavr müraciət edib. Müsabiqə nəticəsində onlardan 726 nəfər magistratura səviyyəsinə qəbul olunub.
Ali təhsil müəssisələrinin magistraturalarının boş qalan plan yerlərinə qəbul olanlar avqustun 17-dən 25-dək sənədlərini qəbul olduqları təhsil müəssisəsinə təqdim edərək qeydiyyatdan keçməlidirlər.
Həmin müddətdə qeydiyyatdan keçməmək bakalavrın müvafiq ixtisasa yerləşdirilməsindən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri ali təhsil müəssisəsinə göndərilməyəcək.