ELM VƏ TƏHSİL
Magistraturaya hazırlaşan gənclər üçün sınaq imtahanı keçirilmişdir
Bakı, 19 fevral (AZƏRTAC). Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) magistraturaya hazırlaşan gənclər üçün ilk dəfə olaraq Bakı, Naxçıvan, Gəncə və Lənkəran şəhərlərində magistratura imtahanının birinci mərhələsi üzrə (məntiqi təfəkkür, informatika və xarici dil) sınaq imtahanı keçirmişdir.
TQDK-dan AZƏRTAC-a bildirmişlər ki, imtahanda iştirak etmək üçün 7 min 398 nəfər qeydiyyatdan (Bakıda 6 min 429, Naxçıvanda 206, Gəncədə 654, Lənkəranda 109) keçmişdir. İmtahanın keçirilməsi üçün 10 imtahan mərkəzi (Bakıda 6, Gəncədə 2, Naxçıvan və Lənkəranda 1) ayrılmışdır.
İmtahanın idarə olunması üçün 24 imtahan rəhbəri (Bakı şəhərində 18, Naxçıvan şəhərində 1, Gəncə şəhərində 4, Lənkəran şəhərində 1), 238 nəfər nəzarətçi-müəllim ( Bakıda 184, Naxçıvanda 11, Gəncədə 38, Lənkəranda 5) cəlb edilmişdir.
İmtahan günü komissiyada operativ qərargah fəaliyyət göstərmiş, müntəzəm olaraq bütün binalarla əlaqə və imtahan prosesinin gedişi nəzarətdə saxlanmış, abituriyentlərin öz bilik səviyyələrini yoxlamaları üçün zəruri şərait yaradılmışdır.
Hazırda sınaq imtahanında iştirak etmiş bakalavrların cavab kartlarının emalı prosesi aparılır. Nəticələrin yaxın günlərdə komissiyanın internet saytında yerləşdirilməsi nəzərdə tutulur.