DÜNYA
Malayziyanın sabiq Baş nazirinin həyat yoldaşına qarşı yeni korrupsiya ittihamı irəli sürülüb
Tokio, 10 aprel, AZƏRTAC
Aprelin 10-da Malayziyanın sabiq Baş naziri Nacib Razakın həyat yoldaşına qarşı 5 milyon rinqit (təqribən 1,2 milyon dollar) məbləğində yeni korrupsiya ittihamı irəli sürülüb.
AZƏRTAC xəbər verir ki, bu barədə “The Star” qəzeti məlumat yayıb. Bildirilir ki, Antikorrupsiya İdarəsinin təhqiqatına görə, 67 yaşlı Rozma Mansur 2016-cı ilin dekabrında Saravak ştatının kənd rayonlarında məktəblərin tikintisi ilə bağlı layihələrin reallaşması üçün rüşvət alıb. Onun ittihamla razılaşdığı qeyd edilir. Yerli qanunvericiliyə əsasən, belə cinayətlərə görə 20 il azadlıqdan məhrumetmə və ya vurulan zərərin beş qatı məbləğində cərimə tətbiq edilir.
Əvvəllər Rozma Mansura qarşı çirkli pulların yuyulması və terrorizmin maliyyələşməsi barədə qanunları pozması ilə əlaqədar azı 17 bənd üzrə ittiham irəli sürülüb. İstintaq sabiq Baş nazirin həyat yoldaşını ümumi dəyəri 7 milyon rinqitdən çox (1,7 milyon dollar) zərər vurulması ilə nəticələn cinayətlərdə təqsirkar bilir. O özü bu ittihamları qəbul etmir.
Sabiq Baş nazirin evində aparılan axtarışlar zamanı böyük məbləğdə qızıl və bəzək əşyaları, bahalı çantalar və digər qiymətli əşyalar aşkar edilib. Onların evindən ümumi dəyəri 273,4 milyon dollar olan zinət əşyalarının və nağd pulun müsadirə edildiyi bildirilir.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio