İQTİSADİYYAT
Maliyyə Bazarlarına Nəzarət Palatası və ABŞ-ın maliyyə qurumları əməkdaşlıq perspektivlərini müzakirə ediblər
Bakı, 8 noyabr, AZƏRTAC
Maliyyə Bazarlarına Nəzarət Palatasında (MBNP) ABŞ Dövlət Departamentinin Qafqaz və Regional Konfliktlər Bürosunun direktoru xanım Şeril Fernandes, ABŞ-ın Azərbaycandakı səfirinin müavini Maykl Dikerson və səfirliyin iqtisadi məsələlər üzrə eksperti Peter Kaufmandan ibarət nümayəndə heyəti ilə görüşdə qarşılıqlı əməkdaşlıq çərçivəsində görülmüş işlərə toxunulub, perspektiv məsələlər müzakirə edilib.
MBNP-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Palatanın idarə heyətinin sədri vəzifəsini icra edən İbrahim Alışov ölkə başçısı İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən kompleks islahatların maliyyə sektorunun sağlamlaşdırılması və maliyyə sabitliyinin təmin olunmasında rolundan bəhs edərək Palatanın yaradılması, həyata keçirilmiş tədbirlər, islahatlar barədə məlumat verib. Ölkədə maliyyə inklüzivliyinin və KOB subyektlərinin maliyyə əlçatanlığının artırılması istiqamətində MBNP-nin iştirakı ilə 3 təsisatın - Kredit Zəmanət Fondu, Azərbaycan Kredit Bürosu və Daşınar Əmlakın Yüklülüyünün Dövlət Reyestrinin yaradılmasından və bu təsisatların maliyyə sektoruna təsirindən danışılıb, statistik göstəricilər diqqətə çatdırılıb.
Bununla yanaşı, Palata və ABŞ-ın müvafiq nəzarət orqanları ilə davam edən əməkdaşlıqdan, qarşılıqlı səfərlər, təcrübə mübadiləsindən bəhs olunub. Xüsusilə vurğulanıb ki, Palatanın əməkdaşları ABŞ-ın maliyyə nəzarəti orqanlarından Əmanətlərin Sığortalanması üzrə Federal Qurum, ABŞ-ın Qiymətli Kağızlar və Birjalar üzrə Komissiyası, Milli Kredit İttifaqları Administrasiyası və Maliyyə Sektoruna Nəzarət Palatasında görüşlər keçirərək qabaqcıl təcrübə ilə yaxından tanış olublar.
Şeril Fernandes Azərbaycanda iqtisadi islahatları dəstəkləmək üçün güclü və sabit maliyyə sektorunun əsas dayaq rolu oynadığını qeyd edib. Ş.Fernandes Palatanın maliyyə sektorunda baş verən böhran zamanında yaradıldığına baxmayaraq qısa müddətdə çox böyük uğurlar əldə etdiyini vurğulayaraq, sektora yönəlmiş islahatların sabitliyin təmin olunması istiqamətində çox düzgün strategiya olduğunu bildirib. Eyni zamanda, Azərbaycanda bütün istiqamətlərdə nəzərəçarpan irəliləyişlərin qeydə alınmasının və Palata ilə ABŞ-ın nəzarət orqanları arasında sıx əməkdaşlıq əlaqələrinin təmin olunmasının öz ölkəsində müsbət qarşılandığını ifadə edib. Həmçinin Ş.Fernandes Palata və ABŞ-ın maliyyə qurumları arasında bu kimi görüşlərin Vaşinqtonda da təşkilinin əməkdaşlıq baxımından müsbət rol oynayacağını deyib.
İ.Alışov Palatanın qarşıya qoyduğu prioritetlərdən, Bazel Konsultativ Qrupuna üzvlükdən, Bazel prinsiplərinin tətbiqi barədə görülmüş və gələcəkdə görüləcək işlərdən danışıb. Bildirilib ki, Azərbaycanda ölkə rəhbərliyi tərəfindən aparılan islahatlar beynəlxalq nüfuzlu qurumlar və reytinq agentlikləri tərəfindən müsbət qiymətləndirilir. Belə ki, Azərbaycanın maliyyə bazarlarında hazırda özünü büruzə verən pozitiv trendlər Beynəlxalq Valyuta Fondunun (IMF) son hesabatında müsbət qiymətləndirilib, “Fitch”, “Moody’s” və “S&P” kimi reytinq agentliklərinin ölkəmiz haqqında göstəricilərində müsbət dinamika müşahidə olunub. Eyni zamanda, qürurverici məqam kimi “Doing Business 2020” hesabatında kredit əlçatanlığı indikatoru üzrə Azərbaycanın 190 ölkə içərisində 1-ci yerdə qərarlaşması vurğulanıb və bunun ölkə rəhbərliyi tərəfindən maliyyə sektorunda aparılan islahatlara verilmiş layiqli qiymət olduğu bir daha diqqətə çatdırılıb.
Görüşdə ABŞ-ın müvafiq qurumları ilə Palata arasında əməkdaşlıq perspektivləri müzakirə olunub.