İQTİSADİYYAT


Maliyyə Bazarlarına Nəzarət Palatasının "Visa Inc."lə əməkdaşlığının perspektivləri müzakirə olunub

Bakı, 17 aprel, AZƏRTAC

Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) ilə "Visa Inc." beynəlxalq kart təşkilatı arasında əməkdaşlıq münasibətlərinin inkişaf perspektivləri müzakirə edilib.

MBNP-dən AZƏRTAC-a bildirilib ki, palatada "Visa Inc." beynəlxalq kart təşkilatının baş vitse-prezidenti, MDB və Cənub-Şərq Avropa qrup ölkələri üzrə meneceri Vira Platonovanın başçılıq etdiyi nümayəndə heyəti ilə keçirilən görüşdə birgə əməkdaşlıq istiqamətlərinə, ödəniş kartları bazarında aparılan islahatlara və qarşılıqlı maraq doğuran məsələlərə toxunulub.

Həmçinin rəqəmsal transformasiyanın sürətləndirilməsi, ödəniş kartları bazarında innovativ ödəniş həllərinin tətbiqi, habelə ölkədə maliyyə inklüzivliyinin gücləndirilməsi istiqamətində atılan addımlara dair qonaqlara məlumat verilib, ödəniş kartları bazarının cari inkişaf vəziyyəti və müşahidə olunan tendensiyalardan danışılıb.

Rəqəmsal ödənişlər sahəsində həyata keçirilən islahatlar və inkişaf tendensiyalarının müzakirə olunduğu görüşdə MBNP tərəfindən ödəniş xidmətləri və ödəniş sistemləri sahəsində yeni hüquqi çərçivənin formalaşdırılması, banklarda elektron bankçılıq xidmətlərinin tətbiqinin genişləndirilməsi və innovativ ödəniş həllərinin istifadəsinin kütləviləşdirilməsi istiqamətində həyata keçirilən layihələr haqqında ətraflı məlumat açıqlanıb.

V.Platonova bildirib ki, Azərbaycanda nağdsız ödənişlərin inkişafı üçün böyük potensial mövcuddur. "Visa Inc." beynəlxalq kart təşkilatı tərəfindən aparılan təhlillərə əsasən, ötən ildə ölkədə nağdsız ödənişlərin həcmi 42 faiz, sayı isə 33 faiz artıb. Bu cür müsbət dinamika və qlobal ekspertizaya əsaslanaraq nağdsız ödənişlərdə innovativ ödəniş həllərinə aktiv tələbat mövcuddur. "Visa Inc." əmindir ki, birgə səylər ölkədə ödəniş ekosisteminin inkişafına müsbət təsir göstərəcək.

Görüşdə MBNP ilə "Visa Inc." arasında əməkdaşlıq münasibətlərinin inkişaf perspektivləri və tərəfləri maraqlandıran digər istiqamətlər üzrə məsələlərə dair fikir mübadiləsi aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.